Back Azərbaycanda dövlət qurumları hədəfli maliyyə sanksiyalarının effektiv tətbiqi istiqamətində bacarıqlarını artırırlar

Azərbaycanda dövlət qurumları hədəfli maliyyə sanksiyalarının effektiv tətbiqi istiqamətində bacarıqlarını artırırlar

Hədəfli maliyyə sanksiyaları terrorçuluğun maliyyələşdirilməsinin və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması üçün əsas vasitədir. Azərbaycan “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun qəbul etməklə və onun effektiv tətbiqi üçün təlimat hazırlamaqla bu sahədə öz səylərini artırıb. Terror təhlükəsinin uğurla aradan qaldırılması, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizənin təkmilləşdirilməsi üzrə milli səylərin dəstəklənməsi məqsədilə hüquq-mühafizə və məhkəmə orqanlarının nümayəndələri, habelə Maliyyə Monitorinqi Xidməti və Mərkəzi Bankın mütəxəssisləri üçün iki günlük təlim təşkil edilib.

Təlim zamanı terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə dair hədəfli maliyyə sanksiyaları tələblərinin tətbiqi sahəsində yaxşı təcrübələr paylaşılıb. Həmçinin, tədbir zamanı kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi üzrə istintaq və müvafiq həyacan siqnalları (qırmızı bayraqlar), ölkədaxili sanksiya siyahısının yaradılması, eləcə də sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların beynəlxalq siyahılara - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sanksiya siyahısına daxil edilmə prosedurları kimi mühüm məsələlər əhatə olunub.

Təlim zamanı həmçinin terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində effektiv milli koordinasiya mexanizmləri və milli səviyyədə idarələrarası əməkdaşlıq geniş müzakirə olunub. Bundan başqa, nümayəndələr terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə beynəlxalq sanksiyaların tətbiqinə nəzarət və monitorinqi sahəsində üzləşdikləri çətinliklərə dair təcrübələri ilə bölüşüblər.

Real hadisələrə əsaslanan praktiki məşğələ nümayəndələrə fərqli istintaq üsullarını araşdırmaq, müvafiq yerli və beynəlxalq qurumlar arasında əməkdaşlıq və koordinasiya mexanizmlərini nəzərdən keçirmək, eləcə də əmlak üzərinə həbs qoyulması, əmlakın dondurulması və müsadirəsi kimi vacib addımları müzakirə etmək imkanı yaradıb.

Digər praktiki məşğələ hədəfli maliyyə sanksiyalarının tətbiqi üçün effektiv nəzarətin əsas elementlərinə toxunub. Həmçinin, praktiki məşğələ zamanı kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə, eləcə də hədəfli maliyyə sanksiyalarından yayınma ilə mübarizə üçün müvafiq tədbirlərin icrasında özəl sektorun rolu müzakirə olunub.

Təlim cinayətkarların beynəlxalq maliyyə sistemindən qeyri-qanuni məqsədlər üçün sui-istifadəsinin qarşısını almaqla və onlarla mübarizə aparmaqla hədəfli maliyyə sanksiyalarının tələblərini uğurla həyata keçirmək üçün dövlət orqanlarının ehtiyaclarına uyğun hazırlanmışdır.

Tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” Layihəsi çərçivəsində təşkil olunmuşdur.

Bakı, Azərbaycan 13-14 noyabr 2023-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page