4 dekabr 2024-cü il tarixində Avropa Şurasının Bakıdakı Ofisi tərəfindən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” qlobal kampaniyası çərçivəsində “Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində məişət zorakılığına baxış” mövzusunda kafe müzakirəsi təşkil edilmişdir.
Tədbir zamanı toplam 34 nəfər olmaqla vətəndaş cəmiyyəti nümayəndələri, hakimlər, hüquqşünaslar və gənclər arasında qeyri-rəsmi müzakirələr üçün platforma yaradılmışdır. İştirakçılar gender bərabərliyinin təşviqi və məişət zorakılığına dair beynəlxalq standartlar haqqında məlumatlılığın artırılması ilə bağlı öz fikir və təcrübələrini bölüşmüşdürlər.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov Məhkəmənin presedent hüququndan praktiki nümunələr və sistemli yanaşmalar barədə danışaraq, “məişət zorakılığı” anlayışı haqqında təqdimatla çıxış etmişdir. O, məişət zorakılığının insan hüquqları və ayrı-seçkilik məsələsi olduğunu vurğulamış, zorakılığın qarşısının alınması və onunla mübarizə, qadınların fiziki toxunulmazlığının qorunması və mövcud beynəlxalq standartlara uyğunlaşdırılması üzrə dövlət öhdəlikəri barədə öz biliklərini bölüşmüşdür.
İştirakçılar öz şəxsi təcrübələrini bölüşmüş və cəmiyyətdə qadınlara qarşı zorakılığa sıfır dözümlülük fikrini müdafiə etmişdirlər.
Bu tədbir Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan və birgə maliyyələşdirdiyi, “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramının tərkib hissəsidir.