Avropa Şurasının “Nifrət nitqinə qarşı mübarizə” mövzusunda ödənişsiz HELP onlayn təlim kursu artıq Azərbaycan dilində yenilənmiş versiyada mövcuddur. Kursun Azərbaycan üçün tərcüməsi və uyğunlaşdırılması Aİ və Avropa Şurasının dəstəyi ilə, Yaxşı İdarəçilik üzrə Tərəfdaşlıq proqramının bir hissəsi kimi həyata keçirilib.
Bu interaktiv təlim proqramı hüquq mütəxəssisləri və eləcə də nifrət nitqinin effektiv şəkildə müəyyən edilməsi, qarşısının alınması və ona qarşı mübarizə aparılmasında maraqlı olan hər kəs üçün vəsait kimi nəzərdə tutulmuşdur. İnsan Hüquqlarına dair Avropa standartlarına, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsaslanan kurs bərabərliyi və insan hüquqlarına əsaslanan əks-rəvayətləri təşviq etmək üçün praktiki təlimat təklif edir. Fərdlərə həm onlayn, həm də oflayn rejimdə nifrət nitqinə qarşı mübarizə aparmağa imkan verməklə, kurs daha inklüziv və hörmətcil cəmiyyətlərin qurulmasına töhfə verir.
Yenilənmiş kurs Bakıda vətəndaş cəmiyyəti nümayəndələrinin, hüquqşünasların və hüquq fakültəsinin tələbələrinin iştirak etdiyi bərabərliyin təşviqi və ayrı-seçkiliyə qarşı mübarizəyə dair bir günlük təlim zamanı təqdim edilib. İştirakçılar ayrı-seçkilik və nifrət nitqinin yaratdığı təhlükələri aradan qaldırmaq üçün strategiyaları araşdırıb, praktiki və effektiv həllərə dair müzakirə aparıblar.
Avropa Şurasının HELP öyrənmə platforması bu kursa və insan hüquqları mövzularında bir çox digər kurslardan pulsuz istifadə imkanı təklif edir. İstifadəçilər bir sıra resursları araşdırmağa başlamaq üçün bir neçə dəqiqə ərzində şəxsi hesab yarada bilərlər.
Kursa daxil olmaq üçün HELP hesabınız olmalıdır. Əgər hələ də yaratmamısınızsa, bir neçə dəqiqə ərzində burada qeydiyyatdan keçə bilərsiniz.
Avropa Şurasının “Nifrət nitqinə qarşı mübarizə” mövzusunda HELP kursuna keçin.
Bu fəaliyyət Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi və Avropa Şurası tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı çərçivəsində, “Azərbaycanda bərabərliyin təşviqi” Layihəsinin bir hissəsidir.