Polis həmişə gec gəlir - əgər ümumiyyətlə gəlirsə.

Treysi Çapman

Xülasə

İştirakçılar ailədaxili zorakılığın müxtəlif formalarının qarşısının alınması və səbəblərinin təhlil edilməsi üçün tematik araşdırmaları müzakirə edir.

Əlaqədar hüquqlar

•    Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ
•    İşgəncə və alçaldıcı münasibətə məruz qalmamaq hüququ
•    Qanun qarşısında bərabərlik hüququ

Məqsədlər

• Ailədaxili zorakılığın müxtəlif formaları barədə maarifləndirmənin genişləndirilməsi
• İnsan hüquqları pozuntularının müzakirə və təhlil edilməsi bacarıqlarının inkişafı
• Ailədaxili zorakılığa qarşı çıxa bilmək üçün şəfqət və özünə güvənin təşviqi

Materiallar

• Böyük kağız vərəqlər və ya lövhə və beyin fırtınası və qrup işi üçün qələmlər.
• Mövzu üzrə praktiki tapşırıqlardan bir və ya bir neçəsini seçin və ya özünüz tərtib edin. Hər bir iştirakçı üçün kifayət qədər nüsxələr hazırlayın.
• “Qrup müzakirələri üçün təlimatlar” kitabçasının nüsxələri (hər kiçik qrup üçün 1 ədəd)

Hazırlıq

• Ölkənizdə və ya icmanızda ailədaxili zorakılıq qurbanlarına dəstəkdə aktiv iştirak edən təşkilatlarla əlaqə saxlayın.
• Məşğələ zamanı ailədaxili zorakılıqla əlaqəli məşğul olmaq istədiyiniz məsələlər barədə düşünün və hər hansı bir məsələ çox şəxsi olduqda, iştirakçılara kömək etmək üçün hazır olun.

compass-key-date
  • 25 NoyabrQadınlara qarşı Zorakılığın Aradan qaldırılması üzrə Beynəlxalq Gün

Təlimatlar

1. “Qonşuluğumuzda ən geniş yayılmış zorakılıq növü” mövzusunda beyin fırtınası həyata keçirməklə mövzunu təqdim edin. İştirakçıların hər bir dediyini yazın, lakin bu mərhələdə heç bir şeyi müzakirə etməyin. Flipçart və ya lövhəni hər kəsin görə bildiyi bir yerə yerləşdirin.
2. İnsanlardan hər bir qrupda 2-6 nəfər olmaqla kiçik qruplara ayrılmağı xahiş edin. Ən az 3 qrup olmalıdır.
3. Mövzu üzrə praktiki tapşırıqların və “Qrup müzakirələri üçün təlimatlar” kitabçasının nüsxələrini paylayın.
4. İştirakçılara mövzu üzrə praktiki tapşırıqlarla tanış olmaq üçün 5 dəqiqə vaxt verin. İştirakçılar ailədaxili zorakılıqla bağlı məsələlərin çox şəxsi ola biləcəyindən məlumatlı olmalıdır və heç kəs özünü açıqlamaq istədiyi məsələlərdən daha artığını danışmaqla bağlı təzyiq altında hiss etməməlidir.
5. İştirakçılara qrup işlərini hazırlamaq üçün 1 saat vaxt verin.
6. Sonda, plenar iclasa gəlin və təhlil və qiymətləndirmə mərhələsinə keçid alın.

Təhlil və qiymətləndirməGoto top

Qrupun məşğələni necə həyata keçirdiyi barədə qısa müzakirə ilə başlayın. Praktiki tapşırıqlardakı məsələlər sizin yaşadığınız şəhərdə baş verə bilərdi? Suallar nə dərəcədə uyğun idi? Müxtəlif qruplar müxtəlif praktiki tapşırıqlarla işləmişdirsə, qruplara müxtəlif cinayətlərlə bağlı öz təhlillərini təqdim etməyə şərait yaradın. Daha sonra, bunun sizin həyatınıza uyğunluğu barədə danışın:
•    Ailədaxili zorakılıq ümumilikdə sizin ölkəniz və icmanızda nə dərəcədə geniş yayılmışdır?
•    Hansı insan hüquqları təhlükə altındadır?
•    Ailədaxili zorakılığın səbəbləri nədir?
•    Nəyə görə kişilərin qadınlara qarşı zorakılıq tətbiqetmə halları qadınların kişilərə qarşı zorakılıq tətbiq etmə hallarından daha çoxdur?
•    Ailədaxili zorakılığa necə son qoyula bilər? Aşağıdakılar tərəfindən hansı tədbirlər görülməlidir:
– hökumətin səlahiyyətli orqanları?
– yerli cəmiyyət?
– ailədaxili zorakılığa məruz qalmış insanlar?
– dostlar və qonşular?
•    Zorakılığın müzakirə olunmuş müxtəlif formaları barədə düşünün. İlkin beyin fırtınası siyahısına yenidən nəzər salın. Siyahıya əlavə etmək üçün daha çox məsələ var?
İştirakçılar arasında qaldırılmış məsələlər barədə daha ətraflı işləmək istəyən şəxslərin olması barədə soruşun və məsələ ilə əlaqəli daha sonrakı mərhələlələrdə nə etmək istədikləri və ya hansı tədbirləri görəcəkləri barədə müzakirə aparın.

Fasilitatorlar üçün məsləhətlərGoto top

Ailədaxili zorakılıq və təhqir məsələsində ayrı-seçkilik baş vermir. Bu, bütün yaş qruplarında, etnik mənsubiyyətlərdə və iqtisadi vəziyyətlərdə baş verir. Baxmayaraq ki, qadınlar daha çox bunun qurbanı olur, kişilər də xüsusilə sözlə və emosional olaraq zorakılığa məruz qalır. Həmçinin, həyat yoldaşı tərəfindən təhqir kimi tanınan ailədaxili təhqir intim münasibətdə və ya nigah daxilində bir şəxs digəri üzərində dominantlıq etmək və nəzarət etməyə çalışdıqda baş verir. Fiziki zorakılığı özündə birləşdirən ailədaxili təhqirə ailədaxili zorakılıq deyilir.

Ailədaxili zorakılıq hallarının çoxu qadınlara qarşı törədilir və evdə baş verir, buna görə də, “Ailədaxili məsələlər” adlanır. Lakin, bəzən, çox nadir hallarda, zorakılıq qadın tərəfindən törədilir; buna görə də, biz bu kitaba Hansın hekayəsini əlavə etmişik.

Bu məşğələni həyata keçirdikdə həssaslıq və anonimliyə ehtiyac olub-olmadığı barədə düşünün (bəzi iştirakçılar evdə və ya ailələrində ailədaxili zorakılıqla bağlı şəxsi təcrübəyə malik ola bilər). Heç kəsin açıqlamaq istədiyindən daha artığı haqqında danışmaqla bağlı özünü təzyiq altında hiss etməməli olduğunu aydın şəkildə ifadə edin. Siz iştirakçıların ehtiyaclarını qarşılamaq məqsədilə bəzi təfərrüatları dəyişə və ya digər praktiki tapşırıqlarla əvəz edə bilərsiniz.

Kişi iştirakçılar məşğələyə və ya bəzi müzakirələrə sərt reaksiya verə bilər. Məqsədin kişiləri və ya oğlanları digər kişilərin etdiklərinə görə günahkar hiss etdirmək olmadığını yadda saxlamaq vacibdir. Buna baxmayaraq, bəzi insanlar kişilərin qəddar patriarxal sis-temin bir hissəsi olduğunu və buna görə də, bu məsələdə iştirak etdiyini iddia edirlər, bu da müəyyən maraqlı müzakirələrə səbəb olacaq bir mühakimədir.

Sessiyanın sonunda ailədaxili zorakılığın qurbanlarını bir dəqiqəlik sükut ilə yad etmək məşğələni sonlandırmaq, şəfqət və həmrəylik hissini təşviq etmək üçün çox effektiv üsuldur.

VariantlarGoto top

Qrupun bəziləri səhnələrdən birini göstərmək üçün seçə bilər; digərləri isə sadəcə tamaşaçılardır. Fasilitator səhnəni fasilələrlə dayandırır və tamaşaçıları vəziyyəti yaxşılaşdıracaq və müsbət nəticə yaradacaq alternativ davranış üsulu təklif etmək üçün dəvət edir.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Qrup yerli polislə əlaqə yarada və məişət zorakılığı məsələləri ilə bağlı telefon zəngləri aldıqda onların nə etdikləri barədə məlumat əldə edə bilər. Digər bir ehtimal isə ən yaxın qadınlara yardım təşkilatı ilə əlaqə yaratmaq və yerli cəmiyyətlərindəki vəziyyətlə bağlı fakt-lar və göstəricilər barədə danışmaq üçün bu təşkilatdan nümayəndə dəvət etməkdir.

Bir çox ölkələrdə digər qadağalı mövzu seksuallıqdır. Əgər qrup bu məsələləri araşdırmaq istəsə, onlar “Gəlin cins barəsində danışaq” məşğələsinə nəzər sala bilərlər.

Faəliyyət üçün fikirlərGoto top

Yerli qaçqın qadınlar mərkəzi və ya qadınlarla bağlı məlumat mərkəzi və ya qadın hüquqları uğrunda çalışan təşkilatla əlaqə saxlayın və onların ehtiyaclarının nə olduğu və onlara necə yardım edə biləcəyiniz barədə məlumat alın.

Əlavə məlumatGoto top

Baxmayaraq ki, qadınlar da zorakılıq törədən şəxslər ola bilir və eynicinsli münasibətlərdə də zorakılıq hallarının baş verdiyi getdikcə daha çox təsdiqlənir, fakt odur ki, zorakılıq hallarının böyük əksəriyyətində kişilərin törətdiyi zorakılığın qurbanı olanlar qadın və qızlardır. Bu səbəbdən, 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Qadınlara qarşı Zorakılığın Qarşısının alınması üzrə Bəyannamə qəbul olunmuşdur. Bəyannamədə zorakılıq “qadınlara fiziki, cinsi və ya psixoloji zərər və ya əziyyət verməklə nəticələnən və ya nəticələnə biləcək gender əsaslı zorakılıq aktı, həmçinin, bu aktların baş vermə təhlükəsi, zor işlətmə və ya ictimai və ya şəxsi həyatda baş verən azadlıqdan məhrum edilmə” kimi izah olu-nur. Bu, “döymək, qız uşaqlarının evdə cinsi istismara məruz qalması, qabiliyyətsizliklə əlaqəli şiddət, nigahdaxili zorlama, qadın cinsiyyət orqanının şikəst edilməsi və qadına zərər verən digər təcrübələri; evli olmayan cütlüklər arasında zorakılıq və istismarla əlaqəli zorakılıq; zorlama, cinsi istismar, cinsi zorakılıq və iş yerində, təhsil müəssisəsində və başqa yerlərdə baş verən hədə-qorxu halları da daxil olmaqla, ümumi cəmiyyətdə baş verən cinsi və psixoloji zorakılıq; qadın alveri və məcburi fahişəlik; və dövlət tərəfindən törədilən və ya harada baş verməsindən asılı olmayaraq bağışlanılan cinsi və fiziki zorakılıq” hallarını əhatə edir.

Qadınlara qarşı Zorakılığın Qarşısının alınması üzrə Bəyannamə haqqında daha ətraflı məlumat əldə etmək üçün Gender bölməsinə nəzər salın.

 

Həyatları boyunca qadınlara qarşı törədilən zorakılıq

Mərhələ

Zorakılığın növü
Doğuşdan öncə

Cinsə uyğun olaraq abort; hamiləlik zamanı döyülmə hallarının doğuşun nəticəsinə təsiri

Körpəlik

Qız uşaqlarının öldürülməsi; fiziki, cinsi və psixoloji zorakılıq

Uşaqlıq

Uşaq nigahı; qadın cinsiyyət orqanının şikəst edilməsi; fiziki, cinsi və psixoloji zorakılıq; yaxın qohumlar arasında cinsi əlaqə; uşaq fahişəliyi və pornoqrafiyası

Yeniyetməlik və gənclik

Görüş və pərəstişkarlıq dövründə zorakılıq (məsələn, kislota atılması və görüş vaxtı zorlama); iqtisadi cəhətdən zorla cinsi əlaqə (məsələn, məktəb şagirdi olan qızlar “pullu yaşlı kişilər” ilə məktəb xərclərinin qarşılanması qarşılığında cinsi əlaqəyə girir) qohumlarla cinsi əlaqə; iş yerində cinsi zorakılıq; cinsi zorakılıq; zorlama; məcburi fahişəlik və pornoqrafiya; qadın alveri; partnyor tərəfindən zorakılıq; nigahdaxili zorlama; cehizlə bağlı təhqir halı və qətllər; partnyorun öldürülməsi; psixoloji təhqir; fiziki qüsurlu qadınların təhqir olunması; məcburi hamiləlik

Yaşlılıq

İqtisadi səbəblərə görə dul qadınların “intihar”ı və ya öldürülməsi; cinsi, fiziki və psixoloji zorakılıq

  Mənbə: Qadınlara qarşı Zorakılıq Məlumat Paketi – Dünya Səhiyyə Təşkilatı, 1997

 

Məişət zorakılığı

Qadın hüquqlarının pozulması yalnız müharibə dövründə baş verən bir hal deyil. Bu, hər şeydən əvvəl ilk öncə evdə baş verən bir haldır. Bu zorakılığın “şəxsi” xarakter daşıması məhz həmişə və indi də ona qarşı tədbir görməyi çətinləşdirən faktordur. Araşdırmalar sübut edir ki, qadınlar digər kənar bir şəxsdən daha çox öz partnyorları tərəfindən zərər çəkir, zorlanır və ya öldürülür2. Məişət zorakılığı yalnız qadınlara deyil, həmçinin, uşaqlara da təsir edir və bu hallar daha çox qızlar və gənc qadınlar arasında baş verir.

Səssiz Şahidlərin sərgisi

Bu məşğələ Eszter və Kati haqqında hekayələr də daxil olmaqla, NANE Qadın Hüquqları Assosiasiyası (Budapeşt, Macarıstan) tərəfindən Budapeşt Avropa Gənclər Mərkəzinə çıxarılan məişət zorakılığı və qadın qatili ilə bağlı sərgidən ilhamlanaraq hazırlanmışdır. Bu sərginin məqsədi öldürülmüş qadınların, “səssiz şahidlərin” hekayələrini danışmaqla məişət zorakılığı və qatilin törətdiklərinin nəticələri və qəddarlığı barədə maarifləndirmə həyata keçirmək idi.

Səssiz Şahidlər sərgisini təşkil etmək cəmiyyətinizdə, yaşadığınız şəhərdə və ya region-da məişət zorakılığı problemini həll etmək üçün çox praktiki və effektiv yol ola bilər. ABŞ-da həyata keçirilən kampaniyanın ilk illəri barədə məlumatı özündə əks etdirən və nümunə olaraq istifadə oluna biləcək çox sayda hekayəni özündə birləşdirən “Nəticələr” kitabı kimi şahidlərin necə yaradılması və sərginin necə təşkil olunması barədə kitablar mövcuddur. Vebsayt ünvanı: www.silentwitness.net. Burada həmçinin belə sərgiləri həyata keçirmiş bir çox beynəlxalq qurumların əlaqə vasitələri yer alır.

Xüsusilə gender əsaslı zorakılıqla bağlı Avropanın ilk qanunu

Vahid qorunma ilə bağlı Orqanik Akt gender zorakılığına qarşı tətbiq olunur. 2004-cü il 22 dekabr tarixində İspaniyada xüsusi məhkəmələrin və ayrıca rehabilitasiya mərkəzlərinin yaradılmasını, zərər çəkmiş şəxslər üçün inkişaf etdirilmiş yardımın təmin olunmasını və təhlükə altında olan qadınların mühafizəsi məqsədilə bir çox proseduru nəzərdə tutan qanun qəbul olunmuşdur.

BMT-nin Qadınlara qarşı Zorakılıqla bağlı Xüsusi Məruzəçisi

2009-cu ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatı BMT-nin Qadınlara qarşı Zorakılıqla bağlı Xüsusi Məruzəçisi ofisini təsis etmişdir. 2010-cu ildə bu vəzifəyə ilk təyin olunan Raşida Manco İnsan Hüquqları Şurasına qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri barədə təqdim olunan ilk tematik hesabatı hazırlamışdır. www.ohchr.org ünvanında hesa-batla tanış ola bilərsiniz. 

İnternetdə əlavə resurslar

Qeyd:
Kati və Eszterin işləri barəsində Morvai Krisztina tərəfindən
Terror a családban – A feleségbántalmazás és a jog (Ailədə Terror – Döyülən qadın və Qanun) – da məlumat verilmişdir.
Kossuth Kiadó, Budapeşt 1998.

  • www.wave-network.org Zorakılığa qarşı Avropa Məlumat Mərkəzi Avropada qadınlara yardım təşkilatları barədə verilənlər bazasını özündə birləşdirir.
  • www.ewlcentreonviolence.org  Qadınlara qarşı Zorakılıqla bağlı Avropada Qadınların Lobbiçilik Mərkəzinin vebsaytıdır. Burada qadınlara qarşı zorakılıqla bağlı, həmçinin, ölkələrin hesabatları mövcuddur.
  • www.whiteribbon.ca Ağ Lent Kampaniyası “kişilərin qadınlara qarşı zorakılığına son qoymaq üçün kişilərin göstərdiyi ən böyük səy” dir.
  • www.europrofem.org EuroPRO-Fem, Avropanın Feministyönümlü Kişilər Şəbəkəsi, kişilərin kişi dominantlığı, zorakılığı və qadınlara zülm verilməsi məsələləri ilə məşğul olan təşkilatları və layihələrindən ibarət şəbəkədir.
  • www.hotpeachpages.net Məişət Zorakılığı üzrə Təşkilatların Beynəlxalq Direktorluğu dünyadakı hər bir ölkə üzrə məlumata sahibdir.
  • www.unifem.org BMT-nin qadınlar üçün inkişaf fondunun vebsaytı gender məsələləri və qadınlara qarşı zorakılıq üzrə məlumat əldə etmək üçün yararlı vebsaytdır.

HPaylanmalı materiallarGoto top

PDF kimi yüklə

Praktiki tapşırıq – Eszter
O, həyat yoldaşını paltarları yumamaqda, yemək bişirməməkdə və digər ev işlərini görməməkdə günahlandıraraq onun-la mübahisə etməyə başladı. Eyni zamanda, o, həyat yoldaşını döyməyə başladı; o, qadının başı və üzünə çılpaq əlləri ilə vururdu. O, qadının saçlarından bir ovuc qopardı və öz çəkmələri ilə onu vurdu. Daha sonra, o, həyat yoldaşının bədəninin yuxarı hissəsində olan paltarlarını çıxardı və onu döyməyi davam etdirmək üçün yatağa atdı.
Bütün bunlar atasına dayanması üçün yalvaran 8 yaşlı qızlarının gözü qarşısında baş verirdi. Daha sonra, o dayandı. O, Eszteri yataqdan çıxardı və yatdı. Eszter həmin gecə vəfat etdi.

Praktiki tapşırıq 2 – Kati
Kati çox alçaldıcı olmağa başlayan nişanlısından qaçmağa çalışırdı. Kati başqa bir şəhərdə kirayə ev tapdı, lakin nişanlısı hələdə zəng etməyə və onu narahat etməyə davam edirdi. Katinin əqli vəziyyəti pisləşirdi. Bir gün, nişanlısı onu evə geri qaytarmaq üçün işdən sonra onun arxasınca gəldi. O, Katini yaxınlıqdakı meşəyə apardı və öz puloveri ilə onu boğmağa çalşdı. Ondan sonrakı gün Kati öz kolleqalarına bir gün nişanlısının onu boğmağa çalışacağı və öldürəcəyindən qorxduğunu dedi.
4 gün sonra onun nişanlısı bir qədər spirtli içki qəbul etdi. Yenə də, o, Katinin işdən çıxmasını gözlədi və o, çölə çıxanda onu döyməyə başladı. Axşam nişanlısı qərara aldı ki, onlar qohumlarına baş çəkməlidirlər. Yolda onlar maşını bir neçə dəfə dayandırdılar. Kati onun nə vəziyyətdə olduğunu görərək, onunla cinsi əlaqəyə girməyə razı oldu, lakin o çox içkili idi. Kati öz nişanlısına daha onun Kati üçün maraqlı olmadığını dedi. Bu, onu çox qəzəbləndirdi. O, uzun dəri kəmərini çıxardı və onu boğmağa başladı. O, daha sonra, Katinin cansız bədənini xəndəyə atdı və ağacın budaqları ilə üstünü örtdü.

Praktiki tapşırıq 3 – Mariya
Mariyanın 70 yaşı var idi. Onun həyat yoldaşı 10 il əvvəl vəfat etmişdi və o, 40 yaşlı oğlu Filipp ilə kiçik evdə yaşayırdı. Onun oğlu işsiz idi və bəzən çox içirdi. Maria oğlunun onun pul qabısından pul oğurladığını bilirdi, lakin o, çox vaxt bununla bağlı heç bir şey demirdi, çünki daha çox problem yaratmaq istəmirdi. Filip içkili olduqda çox qəzəbli olurdu və bəzən Mariya ondan qaçmaq üçün öz otağına qapanmalı olurdu. Bir gün, Filip evə təmamilə sərxoş halda gəldi və yemək hələ də hazır olmadığı üçün çox qəzəbləndi. Mariya ona yorğun və xəstə olduğu üçün yemək hazırlaya bilmədiyini dedikdə, o, otaqdakı əşyaları ətrafa atmağa başladı. Mariyanın qaçmağa gücü və imkanı olmadı və oğlu onun üzərinə stul atdı. Mariya özünü qorumağa çalışdı, lakin yıxıldı və başına güclü zərbə aldı. Qonşu gəlib özünü yetirdi, lakin artıq çox gec idi. Mariya xəstəxanaya çatdırılarkən yolda koma vəziyyətində vəfat etdi.

Praktiki tapşırıq 4 – Leandro
Leandronun 8 yaşı var idi. O, 3 yaşlı kiçik bacısı, anası və onun sevgilisi Jan ilə birlikdə kiçik evdə yaşayırdı. Leandro heç vaxt atasını tanımamışdı. O, məktəbi sevirdi, lakin Jandan xoşu gəlmirdi. Əslində, Jan bəzən qəzəbli olur və Leandronu döyürdü. Leandro doğurdan da Jandan qorxurdu, yatmaqla bağlı əziyyət çəkirdi və iştahını itirmişdi. Leandronun məktəb müəllimi bu vəziyyətə diqqət yetirmişdi və Leandronun valideynləri ilə görüşmək istəyirdi, çünki o, Leandronun dərslərində yaxşı olmadığını, fikrini cəmləməkdə çətinlik çəkdiyini və bəzən öz dostlarına qarşı qəzəbli olduğunu başa düşürdü. Onun anası müəllimlə görüşdü, lakin evdəki vəziyyət barədə heç nə demədi. O, geri döndükdə Jana müəllimin dedikləri barədə danışdı. Jan buna çox qəzəbləndi və yenidən Leandronu döyərək bu dəfə onun qolunu qırdı. Xəstəxanada Leandronun anası yalan danışdı və onun yıxıldığını bildirdi.

Praktiki tapşırıq 5 – Banaz
Banaz həyatının təhlükə altında olduğunu bildirmək üçün bir neçə dəfə polisə müraciət etməyə cəhd etmişdir. 2005-ci ilin dekabrında onun atası ona hücum etmiş və öldürməyə cəhd etmişdir. O, doğrudan, qorxmuş və polisə müraciət etmişdir. Lakin onun müraciəti araşdırma aparan polislər tərəfindən ciddi qəbul olunmamışdır.
Banaz evdən qaçdı, lakin sonra yenidən geri qayıtdı və gizli-gizli öz sevgilisi ilə münasibətlərinə davam etməyə çalışdı, lakin onların hər ikisi bir-birilərini görməyə davam etdikləri təqdirdə, ölümlə təhdid olunurdu. Banaza daha təhlükəsiz bir yerdə yaşamaq təklif olunurdu, lakin o, anası da orada olduğu üçün öz evində yaşamağın daha təhlükəsiz olduğuna inanırdı.
Banaz 24 yanvar tarixində itdi və onun tərkib hissələrinə ayrılmış bədəni 3 ay sonra bağda yandırılmış çamadanda tapıldı. Məhkəmədə onun atası və dayısı Banazın onların evlənməsini istəmədiyi oğlanı sevməklə ailənin utancına səbəb olduğuna inandıqları üçün onu öldürmək məqsədilə qatil sifariş etdiklərini bildirdilər. Banazın 20 yaşı var idi. 
http://news.bbc.co.uk/2/hi/6722699.stm; 11 İyun 2007

Praktiki tapşırıq 6 – Amira
Amiranın ailəsi müharibə ilə üzləşmiş Somalini tərk edib Avropada bir şəhərdə məskunlaşdıqda onun 4 yaşı var idi və burada onun uşaqlığının ilk illəri çox daha yaxşı keçmişdi.
Daha sonra bir səhər, onun 11 yaşı olanda, Amiranın anası xalasıgilə getməyi təklif etdi, beləliklə, Amira öz yaşıdı olan xalası qızı ilə oynaya biləcəkdi. Amiranın bilmədiyi isə o idi ki, onun anası və xalası öz qızlarını sünnət etmək üçün gizli şəkildə Moqadişudan “sünnət edən” ilə görüş təyin etmişdilər. Onlar bunun vacib olduğunu, əks halda, qızlarının heç vaxt ərə gedə bilməyəcəyini düşünürdülər.
Qəflətən anası və xalası Amiranı tutdu. “Onlar məni tutdu və daha sonra heç görmədiyim bir qadın kəsməyə başladı. Mən qışqırdım və xalam əlini mənim ağzım üzərinə basdı” o deyirdi. “Söz ver ki, heç kəs heç vaxt mənim səninlə bu barədə danışdığımı bilməyəcək”, Amira yalvarırdı, “əgər cəmiyyətimdəki insanlar bunu aşkar etsə, onlar məni xəyanətdə günahlandıracaq və mən qaçmağa məcbur olacağam. Və hər bir halda, mən valideynlərimin türməyə göndərilməsini istəmirəm”.

http://www.dailymail.co.uk/femail/article-505796-dan götürülmüşdür. 3 Yanvar 2008

Praktiki tapşırıq 7 – Denise
“Mən yaxın qohumlar arasında cinsi əlaqənin qurbanı olmuşam; mən 15 yaşında olarkən atam tərəfindən zorlanmışam. Bu, birinci dəfə deyildi, sonuncu dəfə də olmayacaq. Lakin, bu dəfə mən hamilə qaldım. Bir gecə, mən çox xəstələndim və valideynlərim məni xəstəxanaya apardı. Təcili yardım həkimi soyuqdəymənin pis vəziyyətindən əlavə mənim 19 həftəlik hamilə olduğumu aşkar etdi. Həkim məni hamilə olduğum barədə məlumatlandırdı və nə istədiyimi soruşdu. Çəkdiyim ağrı və günahkarlıq hissinə baxmayaraq, mən abort etdirməkdən imtina etdim. Atam nəzarət oluna bilməyəcək dərəcədə qəzəbləndi və mənim razılaşmağımı tələb etdi. Həkim mənim istəyimə görə bununla razılaşmadı.
Atam abort edən həkim tapılmasını tələb etdi və 1 saat ərzində bu həkim xəstəxanaya gəldi. Mən yoxlama stoluna qalxmaqdan imtina etdim, lakin o, 3 tibb bacısına özü məni yatağa bağlayarkən məni tutmağı tapşırdı və daha sonra, mənim mübarizə aparmağımın qarşısını almaq üçün əzələ sakitləşdirici iynə vurdu. Mən abort istəmədiyimi qışqırmağa başladım. O, mənə dedi, “Sus və yalvarmağı dayandır!” Nəticədə, mənə ümumi anasteziya etdilər.
www.humanlife.org-dan götürülmüşdür.

Praktiki tapşırıq 8 – Hans
Antoniya bir neçə il boyu həyat yoldaşı Hansı narahat edir və onu təhqir edirdi. Bir dəfə Antoniya maşınla onun üzərindən keçmək istədiyini dedi. Başqa bir vaxtda o, Hansı yalandan öz uşaqlarını cinsi istismar etməkdə günahlandırdı. Hansı pedofillikdə günahlandıran məktublar qonşuların poçt qutularına qoyulmuşdu. Polis ittihamlara inanmadı, lakin Antoniyanın məktublarla bir əlaqəsi olduğundan da şübhələnmədi.
Üç il sonra onlar ayrıldı və bir il sonra isə boşandı. Bir neçə ay sonra, Antoniya Hansı işdən evə qədər izlədi və kerosinlə doldurulmuş işıqlı bəzəyi onun üzərinə atdı. Bəzək alovlanmadı, lakin daha sonra detektivlər qapı və divarlarda kerosin tapdılar.
Bir gün Hans öz iti ilə gəzərkən bir qadın onun üzərinə qaçdı. Bir səs gəldi. O, qışqırdı və evinə doğru qaçmağa başladı və evə hücum çəkdi, qadın isə onu təqib etdi. Polis və həkimlər onu öz yemək otağında döşəmədə ölüm ayağında tapdı. Həkimlər onu xilas edə bilmədi; güllə onun sağ çiynindən daxil olaraq, ağciyərlərini dağıtmış və aortaya keçmişdi.
http://www.seattlepi.com-dan götürülmüşdür.

Qrup müzakirələri üçün təlimatlar

I – Cinayətin təhlili (20 dəqiqə)
1. Məruzə olunan cinayətlə bağlı nə düşünürsünüz?
2. Bu cinayət harada baş verə bilərdi? Bu, sizin qonşuluğunuzda baş verə bilərdi?
3. Cinayət nəyə görə baş vermişdir?
4. Belə bir cinayət əsaslandırıla bilər?
5. Zərər çəkmiş şəxs özünü necə müdafiə edə bilərdi?
II – Sosial reallığa keçid (40 dəqiqə)
6. Bu yaxınlarda məişət zorakılığı barədə eşitmiş və ya məlumat əldə etmisiniz?
7. Sizin cəmiyyətinizdə məişət zorakılığının hansı formaları baş verir?
8. Zərər çəkmiş şəxslərin köməyə ehtiyacı olduqda onlar nə edə bilər?
9. Polis zorakılıq barədə məlumatlandırıldıqda müdaxilə edə bilər və ya bu müdaxilə insanların şəxsi məsələlərinə qarışmaq və onların insan hüquqlarının pozulması kimi qəbul oluna bilər?
10. Belə vəziyyətlərdə zərər çəkmiş şəxslər nə səlahiyyətə malikdir? Cinayətkarlar hansı səlahiyyətə malikdir?
11. Kişinin qurban olduğu məişət zorakılığı halları barədə eşitmisiniz?
12. Məişət zorakılığının səbəblərindən bir neçəsini qeyd edin.
13. Məişət zorakılığının qarşısı necə alına bilər və dayandırıla bilər?
Aşağıdakılar tərəfindən hansı tədbir görülə bilər/görülməlidir:
a. dövlət orqanları?
b. yerli cəmiyyət?
c. cəlb olunmuş insanlar?
d. dostlar və qonşular?