Aktivizm nədir?

“Aktivizm” sözünün, ən azından hazırda istifadə olunan mənasında, təqribən cəmi 100 yaşı var və aktiv olmaq felindən gəlir. Aktivist dəyişiklik üçün hərəkatda, əsasən siyasi və ya sosial məsələlərlə bağlı, aktiv olan şəxsdir. Aktivizm aktivistlərin etdikləridir, yəni onların dəyişikliyi gətirmək üçün istifadə etdikləri metodlardır.

Sülh aksiyaçıları və etiraz etmək hüququ

İki sülh aktivisti Britaniya Baş Nazirinin yaşadığı Dauninq küçəsinin qapıları qarşısında adların ictimai şəkildə uca səslə oxunmasını təşkil etdilər. Onlardan biri, Maya Evans (23), İraq müharibəsində öldürülmüş hər bir Britaniyalı əsgərin adını oxuyurdu, onun dostu isə həmin müharibədə həyatını itirmiş İraqlıların adlarının uzun siyahısı ilə davam edirdi. Maya aksiya ilə bağlı əvvəlcədən polisə xəbər vermədiyindən həbs olundu. Aksiya milli mətbuatda işıqlandırıldı və söz azadlığı və etiraz etmək hüququ ilə bağlı müzakirələrə təkan verdi. Bu hadisə və bir çox digər bənzər hadisələr nəticəsində, hökumət Londonun mərkəzində polisin əvvəlcədən alınmış razılığı olmadan aksiya keçirməyi qadağan edən qanuna yenidən baxmağa razılıq verdi

“Mən həbs olunmaq istəmirdim, lakin, mənim fikrimcə, həmin çiskinli çərşənbə axşamı səhərində orada dayanıb həmkarımla birgə müharibədə həlak olmuş şəxslərin adlarını oxuyarkən heç bir pis iş görmürdüm. Fikrimcə, bu, cinayət deyildi və mən buna görə həbs olunmamalıydım”.  Maya Evans

Aktivizm, insan hüquqlarına tətbiq olunduqda, insan hüquqlarının hədə altında olduğu və ya pozulduğu istənilən yerdə və istənilən səviyyədə onları müdafiə etməkdir. Buna görə də, insan hüquqları aktivizmi ədalətsizliyə, alçaldıcı rəftara, zorakılığa və ya ayrı-seçkiliyə reaksiya verməklə və onları aradan qaldırmağa çalışmaqla bağlıdır. Bu, digər insanların əzabları ilə həmrəylik göstərmək və on-lara kömək etməyə hazır olmaq, onlarla hörmət və ləyaqətlə rəftar olunmasını təmin etmək uğrunda mübarizə aparmaq, daha insanpərvər, bərabərhüquqlu və hüquqlara hörmət bəslənən cəmiyyətə doğru addım atılmasına kömək etməklə bağlıdır. Effektiv aktivistlər dözümlülük, kreativlik, məsuliyyət və əksər hallarda cəsarət kimi keyfiyyətlərə malikdirlər, lakin hər şeydən əvvəl, onlar insanlara və insan hüquqlarına inanırlar. Onlar inanırlar ki, insanların hüquqlarına hörmətlə yanaşıldığı bir dünya qurmaq mümkündür və onlar bu dünyanı qurmaq istəyirlər.

Sual: Aktivistlər “normal” insanlardan çox fərqlənirlər? Aktivistlərin hansı xüsusiyyətlərini özünüzdə görürsünüz?

Aktivizm, şübhəsiz, müəyyən məqsəd və ya ideal uğrunda öhdəlik, əsasən, sa-bit və uzunmüddətli öhdəlik götürməkdən asılıdır. Məsələn:

Nəyin düzgün olduğunu görmək və bunu etməmək cəsarət məsələsidir.
Konfutsi

  • Ətraf mühit aktivistləri kömürlə işləyən elektrik stansiyasının tikilməsinin qarşısını almaq uğrunda bir döyüşdə qalib gəldikdən sonra dərhal aero-port zolağının genişləndirilməsini dayandırmaq uğrunda başqa bir hərəkata başlayırlar.
  • Sülh aktivistləri ərazi minalarının qadağan olunmasını nəzərdə tu-tan beynəlxalq konvensiyanın hazırlanması üçün 30 illik mübarizəyə qoşulmuşlar.
  • Yerli aktivistlər xəstəxananın və ya idman zalının bağlanmasına qarşı mübarizəyə bütün aspektlərdən yanaşırlar, bir cəhd uğursuz olduqda digərinə başlayırlar.

Dünyada görmək istədiyiniz dəyişiklik olun.
Qandi

Biz hər bir insanın öz həyatı boyunca müxtəlif məsələlər uğrunda mübarizə aparan “mini-aktivist” olduğuna inansaq da, bu təlimat vəsaitində aktivizmə deyil, “hərəkətə keçməyə” istinad edirik. Aktivistlər – sözün daha ənənəvi mənasında – həmçinin “hərəkətə keçirlər”, lakin onlar bunu davamlı şəkildə, müxtəlif metodlardan istifadə etməklə edirlər və, böyük ehtimalla, həll etməyə çalışdıqları məsələyə müəyyən təsir göstərmədən fəaliyyətlərini dayandırmırlar. Sizin birlikdə işlədiyiniz gənclər, əsasən, hərəkata qoşulur və ondan uzaqlaşır, bəzən digər aktivistlərlə birləşir, bəzən isə vacib hesab etdikləri məsələ ilə bağlı təkbaşına mübarizə aparırlar.

Sual: Uğrunda ayağa qalxdığınız və müdafiə etmək üçün mübarizə apardığınız “məsələlər”-dən nümunə gətirə bilərsiniz? Sizin fikrinizcə, təhsil belə bir “məsələ” sayıla bilər?

“Hərəkətə keçmək” nədir?

Biz hərəkətə keçən qrupa istinad etdikdə, “formal” fəaliyyətdən daha artığını – 2-ci Fəsildə göstərilənlər kimi – eyni zamanda, qrupun özündən daha geniş icmanı əhatə edən fəaliyyəti nəzərdə tuturuq. İHT-nin bir hissəsi kimi hərəkətə keçmək həm təhsil nöqteyi-nəzərindən, həm də digər cəhətlərdən dəyərli olan nəticəni əldə etmək üçün hazırlanır. Məsələn:

  • Yerli evsizlər sığınacağına və ya sığınacaq mərkəzinə baş çəkmək mövcud baryerləri və ya qərəzli fikirləri aradan qaldırmağa kömək edə bilər, həmçinin, baş çəkilənlər üçün rahatlıq mənbəyi ola bilər.
  • Gənclərin irqçi və ya dözümsüz yanaşmalarla bağlı KİV-ə məktubu KİV-i gənclərin baxışları ilə tanış edə və jurnalistlərin öz qərəzli mövqeləri ilə üzləşməsinə səbəb ola bilər.
  • Yerli icmada çirklənmənin qonşu ərazilərə təsirini göstərən foto sərginin təşkili digərlərinin gözlərini aça və müvafiq məsələ ilə bağlı hərəkatın başlamasına təkan verə bilər.

Teatr bilik formasıdır; o, həmçinin, cəmiyyəti dəyişmək üçün vasitə ola bilər və olmalıdır. Teatr gələcəyimizi gözləmək yerinə onu qurmağımıza kömək edə bilər.
Avqusto Boal

Bu fəaliyyətlərin hər birinin öz məqsədi var və qrup xaricində də təsir göstərir, lakin onların hər biri gənclərin özlərini də hərəkətə keçməyə həvəsləndirir və təşviq edir. Praktiki fəaliyyət həyat dərsi ola bilər: bu, insan hüquqlarına məna verə və onları müsbət anlayışa çevirə bilər. Fəaliyyətinizdən başqalarının – və özünüzün faydalandığını görmək önəmli dərsdir, motivasiyaedici qüvvədir, əgər dəyişiklik etməyə çalışsaq, ətrafımızdakı məsələləri dəyişə biləcəyimizə inamdır.

 

Sual:Əgər müəyyən fəaliyyət həyata keçirmiş qrupla işləmisinizsə, təsir və öyrənmə baxımdan əsas nəticələr hansılar idi?

 

İHT, hərəkətə keçmək və aktivizm: fərq nədədir?

  • 2-ci Fəsildəki öyrədici məşğələlər əsasən daxilə, qrupa yönəlmişdir: hədəf fərdi iştirakçıların təhsilidir.
  • Xarici dünyada hərəkətə keçmək qrupun təhsili üçün dəyərlidir, həmçinin, xaricə, real dünyadakı məsələlərə yönəlmişdir.
  • Aktivistlər üçün – həm peşəkar, həm də “yarım-ştat”- yeganə real hədəf müvafiq məsələ və xarici dünyadır. Aktivistlər öz məqsədlərinə nail olana qədər işləməyə və kampaniya aparmağa davam edəcəklər.

“Böyüyən uşaqlar” (Putos que a ta cria)                                                                                                    Lissabonun şəhər kənarında yaşayan Afrika əsilli bir qrup gənc cəmiyyətdən təcrid olunmaq hissinin öhdəsindən gəlmək və digərlərini mədəni müxtəlifliyə hörmətlə bağlı maarifləndirmək üçün musiqidən istifadə ediblər. Qrup öz vebsaytında bunu belə izah edir - miqrantların ikinci nəsli adətən “anadan olduqları və yaşadıqları, eləcə də valideynlərinin anadan olduğu və yaşadığı ölkələrin cəmiyyətlərində özlərini təcrid olunmuş hiss edirlər. Bu dilemmanı və onun gətirdiyi məyusluğu ifadə etməyin bir yolu həmişə musiqi olubdur”.

Beləliklə, gənc artistlər rep və digər musiqidən gəncləri motivasiya etmək və sosial birliyi təmin etmək üçün bir vasitə kimi istifadə etmək qərarına gəldilər. Onlar öz mesajlarını çatdırmaq üçün ritm və poeziyadan istifadə etdilər, eləcə də digər reperləri sosial dəyişiklik etmək üçün musiqidən istifadə etməyə həvəsləndirmək məqsədilə onlara dəstək verdilər. Çoxsaylı təlim kurslarından sonra, Avropa İttifaqının Gənclər Proqramının dəstəyi ilə Putos que a ta cria qrupu iki CD və bir DVD qeydə aldı, müxtəlif ictimai tədbirlərdə iştirak etdi, İH (insan hüquqları) ilə bağlı gənclər festivalı təşkil etdi və digər reperləri motivasiya etdi. “Hip hop əyləncəlidir, lakin o, həmçinin, müdaxilədir.” http://www.myspace.com/putosquiatacria

İHT və aktivizmdə “hədəf”

Image: The “target” in HRE and in activism

Qrup nə vaxt hərəkətə keçə bilər?

Vətəndaş aktivizmi sizi hər gün kiçik addımlar atmağa həvəsləndirir. Bəzən, bu dünyanı dəyişməyin sizin həyat amalınıza çevrildiyini hiss edirsiniz. Bəzən, ehtiyacı olan insanlara yardım etmək üçün çox şey edə biləcəyinizi düşünürsünüz. Siz azad olursunuz və dünyanı yeni gözlərlə görürsünüz.
Ivan Kondratenko, Perexod rus tələbə qəzetinin redaktoru

Bu sualın qısa cavabı “istənilən vaxt”-dır. Bu fəsilin 2-ci bölməsində təsvir olunmuş icma fəaliyyətləri, əsasən, klubda və ya sinif otağında öyrənmə məşğələsindən əvvəl və ya sonra istifadə oluna bilər. Məşğələdən sonra fəaliyyəti aparmağın üstün cəhəti qrupun məsələlər barəsində daha dərin biliyə malik olması və fəaliyyətin hansı formasının ən effektiv olması barəsində daha kreativ ola bilməsidir. Fəaliyyəti daha əvvəl həyata keçirməyin üstün cəhəti qrup sual olunan məsələnin onların özləri üçün əhəmiyyətini gördüyündən fəaliyyətə daha çox diqqət göstərməsidir.

İHT üzrə müntəzəm şəkildə işləyən təhsil işçiləri mövzunun xüsusiyyətlərindən, qrupun maraq və ya məlumatlılıq səviyyəsindən, eləcə də, çox güman ki, qrupla öz aralarındakı əlaqədən asılı olaraq tez-tez bir modeldən digərinə keçəcəklər. Biz bu fəsildə təklif olunmuş fəaliyyətlərin bir çoxunu 2-ci Fəsildəki ayrı-ayrı məşğələlərlə əlaqələndirməyə çalışmışıq. Bu fəaliyyətlər müvafiq çərçivədə müəyyən olunmuşdur və onların bir çoxu məşğələlərin sonundakı “Fəaliyyət üçün fikirlər” bölməsi ilə üst-üstə düşür. Demək olar ki, onların hamısı artıq nəzərdən keçirilmiş məsələlərə praktiki baxış gətirmək üçün giriş kimi, məşğələdən əvvəl və ya sonra istifadə oluna bilər.