“Bütün hüquqlar universal, bölünməz, qarşılıqlı asılı və əlaqəlidir.” Vyana Bəyannaməsi, 1993

Vədlər, vədlər…

Rəhbərlərimiz bizim adımızdan insan hüquqları ilə bağlı çoxsaylı öhdəliklər götürmüşlər. Onların imzaladığı hər bir zəmanət həyata keçirilsə idi, həyatımız sülh dolu, təhlükəsiz, sağlam və rahat olardı; hüquqi sistemlərimiz ədalətli olar və hər kəsə eyni müdafiə təmin edilərdi; siyasi sistemlərimiz şəffaf, demokratik olar və insanların maraqlarına xidmət edərdi. Bəs problem nədədir? Kiçik səbəblərdən biri siyasətçilərin də bizim kimi insanlar olması və mümkün olduqda məsələnin həlli üçün ən qısa yolu seçməsidir. Bununla belə, biz adımızdan hansı vədlərin verildiyini bilməli və onların həyata keçirilməsini tələb etməliyik.

 

Sual: Heç kim sənə xatırlatmasa belə, həmişə verdiyin sözlərə əməl edirsən?

Bizim hansı hüquqlarımız var?

Həbs olunmaq problem deyil. Problem təslim olmamaqdır. Nazim Hikmət

Bildiyimiz kimi, biz bütün insan hüquqlarına hörmətlə yanaşılmasını tələb edə bilərik. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və digər müqavilələrdə müxtəlif insan hüquqları öz əksini tapmışdır. Biz həmin hüquqları regional və beynəlxalq səviyyədə tanınma və qəbul edilmə ardıcıllığına görə nəzərdən keçirəcəyik. İnsan hüquqlarının bölgüsündə ən çox istifadə edilən yanaşma “birinci, ikinci və üçüncü” nəsil hüquqların ayrılmasıdır. Biz də bu bölgüyə əsaslanacağıq, lakin qeyd edilən bölgü məhdud şəkildə istifadə edilir və bəzi hallarda yanıldıcı ola bilir. Bu kateqoriyalar dəqiq şəkildə müəyyən edilməmişdir. Onlar müxtəlif insan hüquqlarının bölgüsü üzrə mövcud yanaşmaların yalnız birini əks etdirir. Belə ki, əksər hüquqlar birdən artıq kateqoriyaya şamil edilə bilər. Məsələn, fikiri ifadə etmə azadlığı həm mülki, həm də siyasi hüquqdur. Bu hüquq siyasi həyatda iştirak üçün vacibdir, həmçinin, şəxsi azadlığımız üçün əsas rol oynayır.

Mülki və siyasi hüquqlar (birinci nəsil hüquqlar)

Bu hüquqlar nəzəri olaraq XVII – XVIII əsrlərdə meydana gəlmiş və əsasən, siyasi məsələləri əhatə etmişdir. Həmin dövrdən başlayaraq, hər şeyə qadir hökmdarların həyata keçirə bilmədiyi bəzi məsələlərin olması və insanların onlarla əlaqədar siyasətlərə təsir göstərməsi qəbul edilməyə başlandı. Bu dövrdə iki mərkəzi fikir şəxsi azadlığın və dövlət tərəfindən törədilən qanun pozuntularına qarşı fərdin müdafiəsi idi. Mülki və siyasi hüquqlar Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasında detallı şəkildə öz əksini tapmışdır. Buraya dövlətin idarə olunmasında iştirak və işgəncənin qadağan olunması dax-ildir. Ənənəvi olaraq, bu hüquqlar əksəriyyət tərəfindən – ən azından “Qərbdə” - ən vacib insan hüquqları sayılır. Növbəti bölmədə biz bu yanaşmanın yanlış olduğunu görəcəyik.

İnsan hüquqları siyasi sui-istifadəyə meyillidir

Soyuq müharibə dövründə Sovet blokuna üzv olan ölkələr mülki və siyasi hüquqları təmin etmədiklərinə görə kəskin şəkildə tənqid olunurdular. Bu ölkələr isə öz növbəsində qərb demokraktiyalarını əsas sosial və iqtisadi hüquqlara (növbəti hissədə nəzərdən keçirəcəyimiz) kifayət qədər diqqət ayrılmamasına görə ittiham edirdilər. Hər iki yanaşmada müəyyən həqiqət var. Bu isə insan hüquqlarının siyasi cəhətdən sui-istifadə edilməsinin nə qədər asan olduğunu nümayiş etdirir.

Təəcübləndirən gerçəklik… Dövlətlər və bütövlükdə beynəlxalq ictimaiyyət bir çox hallarda iqtisadi, sosial və mədəni hüquqların pozuntularına göz yummağa davam edirlər. Əgər mülki və siyasi hüquqların bu cür pozuntusu baş versə idi, dəhşət və qəzəb dolu ifadələr, eləcə də dərhal lazımi əks tədbirlərin görülməsi üçün birgə çağırışlar səsləndirilərdi. BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsi tərəfindən Vyana konfransına bəyanat, 1993

Sosial, iqtisadi və mədəni hüquqlar (ikinci nəsil hüquqlar)

Əvvəl yemək, sonra mənəviyyat gəlir. Bertold Brext

Bu hüquqlar insanların həyat və iş şərtlərini, eləcə də əsas yaşayış ehtiyaclarını əhatə edir. Onlar bərabərlik və zəruri sosial-iqtisadi məhsullar, xidmətlər və imkanların təmin edilməsi ideyasına əsaslanır. Bu hüquqlar erkən sənayeləşmə və işçi sinifin meydana çıxması nəticəsində beynəlxalq səviyyədə tanınma əldə etmişdir. Tarixdə gedən həmin proseslər yeni tələblərin irəli sürülməsinə və layiqli həyat anlayışı ilə bağlı yeni fikirlərin formalaşmasına gətirib çıxarmışdı. İnsanlar onların ləyaqətlərinin qorunması üçün dövlətin müdaxiləsinin minimal səviyyədə olmasının yetərli olduğunu bildirən mülki və siyasi hüquqlardan daha artığına ehtiyac olduğunu dərk edirdilər. Sosial, iqtisadi və mədəni hüquqlar İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktda və Avropa Şurasının Avropa Sosial Xartiyasında öz əksini tapmışdır.

Sosial, iqtisadi və mədəni hüquqlar bərabərlik və başlıca sosial və iqtisadi mallar, xidmətlər və imkanlara çıxışa zəmanət verilməsi ideyalarına əsaslanır

  • Sosial hüquqlar cəmiyyətin həyatında tam şəkildə iştirakla bağlı hüquqlardır. Buraya təhsil hüququ, evlənmək və ailə qurmaq hüququ, o cümlədən “mülki” hüquqlar sayılan bir sıra hüquqlar daxildir: məsələn, istirahət hüququ, sağlamlıq, şəxsi həyatın toxunulmazlığı və ayrı- seçkiliyə məruz qalmamaq hüququ.
  • İqtisadi hüquqlara əmək hüququ, layiqli həyat səviyyəsi hüququ, evlə təmin ol-unma, eləcə də yaşlılar və əlillərin təqaüd hüququ daxildir. İqtisadi hüquqlar layiqli həyat üçün minimal maddi təhlükəsizliyin önəmini və lazımi iş və yaşayış şəraitinin çatışmazlığının psixoloji cəhətdən alçaldıcı ola biləcəyini əks etdirir.
  • Mədəni hüquqlar dedikdə cəmiyyətin mədəni “həyat tərzi” nəzərdə tutulur. Bu hüquqlara digərləri ilə müqayisədə daha az diqqət ayrılır. Buraya cəmiyyətin mədəni həyatında sərbəst şəkildə iştirak etmək və təhsil hüququ daxildir. Buna baxmayaraq, burada “mədəni” hüquqlar olaraq qeyd edilməyən bir sıra hüquqlar cəmiyyətdə azlıq təşkil edən qrupların öz fərqli mədəniyyətlərini qoruyub saxlaya bilməsi üçün mühüm əhəmiyyət kəsb edir: məsələn, ayrı-seçkiliyə məruz qalmama və qanunla bərabər şəkildə qorunma hüququ.

Həmrəylik hüquqları (üçüncü nəsil hüquqlar)

Beynəlxalq səviyyədə tanınan insan hüquqlarının siyahısı mütəmadi olaraq dəyişir. Son 60 il ərzində Ümumdünya İnsan Hüquqları Bəyannaməsində göstərilən hüquqlar ilə bağlı ciddi şəkildə məsələ qaldırılmasa da, yeni müqavilələr və sənədlərdə əsas sənəddə müəyyən edilmiş başlıca anlayışlar daha geniş şəkildə izah olunmuş və inkişaf etdirilmişdir.

inkişaf, sülh, sağlam ətraf mühit və humanitar yardım hüququ

Bu əlavələr bir sıra faktorlar nəticəsində ortaya çıxmışdır: onlar bir tərəfdən insan ləyaqəti barədə dəyişən fikirlərə, digər tərəfdən isə meydana gələn yeni təhdid və im-kanlara cavab olaraq irəli sürülmüşdür. Üçüncü nəsil hüquqlar kimi qəbul edilən yeni insan hüquqları kateqoriyası, birinci və ikinci nəsil hüquqların təmin edilməsi zamanı qarşıya çıxan müxtəlif maneələrin daha dərindən başa düşülməsi ilə əlaqədar daxil edilmişdir.

Üçüncü nəsil insan hüquqlarının əsasında həmrəylik fikri dayanır: buraya cəmiyyətin və insanların kollektiv hüquqları daxildir, məsələn, dayanıqlı inkişaf, sülh və sağlam ətraf mühitdə yaşamaq hüququ. Dünyanın əksər yerlərində səfalət, müharibə, ekoloji və təbii fəlakətlər nəticəsində insan hüquqlarının təmin olunması sahəsində çox məhdud səviyyədə inkişafa nail olunmuşdur. Bu səbəbdən, əksər insanlar insan hüquqlarının yeni kateqoriyasının əlavə edilməsinin əhəmiyyətini qəbul ediblər: bu hüquqlar cəmiyyətlərdə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə mövcud birinci və ik-inci nəsil hüquqların təmin edilməsi üçün lazımi şəraitin yaradılmasına imkan verir.

Üçüncü nəsil hüquqlar kateqoriyasında əks olunan xüsusi hüquqlara inkişaf, sülh, sağlam ətraf mühit, bəşəriyyətin ümumi irsindən istifadə, ünsiyyət və humanitar yardım hüquqları daxildir.

Bununla belə, bu hüquqlarla bağlı müəyyən müzakirələr olmuşdur. Bəzi mütəxəssislər iddia edir ki, bu hüquqlar “kollektiv hüquqlar” olduğundan, onlar bütöv cəmiyyətə, hətta dövlətlərə şamil olunur. Onların fikrincə, insan hüquqları yalnız fərdi xaraker daşıya bilər. Bu yanaşma sadəcə sözdə qalmır, bəzi insanlar terminologiyadakı bu dəyişikliyin bir sıra repressiv rejimlərin kollektiv hüquqları qorumaq bəhanəsi ilə (fərdi) insan hüquqlarını pozması üçün “əsaslandırma” rolunu oynaya biləcəyindən ehtiyat edirlər: məsələn, “iqtisadi inkişafa” nail olmaq üçün mülki hüquqların kəskin şəkildə məhdudlaşdırılması.

Bundan başqa, tez-tez qeyd edilən digər bir məqamı göstərmək olar: üçüncü nəsil hüquqlar dövlət deyil, beynəlxalq ictimaiyyət tərəfindən qorunmalı olduğundan məsuliyyətin yerinə yetirilməsinə zəmanət vermək qeyri-mümkündür. Qafqazda və ya Yaxın Şərqdə sülhün təmin edilməsi, Amazon meşələrinin qırılmaması yaxud iqlim dəyişikliyinə qarşı lazımi tədbirlərin görülməsinə görə kim və ya nə məsuliyyət daşımalıdır?

Bununla belə, onları necə adlandırdığımızdan asılı olmayaraq, bu sahələrin beynəlxalq ictimaiyyət tərəfindən daha çox araşdırılması və onlara daha çox diqqət göstərilməsinə ehtiyac olduğuna dair ümumi razılıq mövcuddur. Bəzi kollektiv hüquqlar artıq tanınmışdır, onlar xüsusilə İnsan və Xalqların Hüquqları üzrə Afrika Xartiyası və Yerli Xalqların Hüquqları üzrə Bəyannamədə öz əksini tapmışdır. ÜİHB-in özündə öz müqəddəratını təyin etmək hüququ əhatə olunmuş, inkişafa olan insan hüququ isə BMT Baş Assambleyasının 1986-cı ildəki Bəyannaməsində kodifikasiya olunmuşdur.

İnkişaf hüququ ayrılmaz insan hüququdur, buna əsasən, hər bir insan və bütün insanlar iqtisadi, sosial, mədəni və siyasi inkişafda iştirak etmək, ona töhfə vermək və ondan faydalanmaq hüququna malikdirlər. Bu zaman, bütün insan hüquqları və azadlıqlarının tam şəkildə reallaşdırılmasına şərait yaradılmalıdır. BMT-nin İnkişaf Hüququ üzrə Bəyannaməsinin 1-ci maddəsi.

Bəzi hüquqlar digərlərindən daha əhəmiyyətlidir?

Hüquqların müxtəlif növləri bir-biri ilə onların başlıqlarında göründüyündən daha yaxından əlaqəlidirlər.

İdeoloji və siyasi səbəblərdən sosial və iqtisadi hüquqların mülki və siyasi hüquqlarla bərabər səviyyədə qəbul olunması çətinliklə mümkün olmuşdur. Sadə vətəndaşa mini-mal yaşayış standartı, ev və uyğun iş şəraitinin insan ləyaqəti üçün vacib olması aydın bir məsələ kimi görünə bilər, lakin siyasətçilər bunu həmişə qəbul etmirlər. Şübhəsiz, bunun səbəblərindən biri dünyada hər kəsin əsas sosial və iqtisadi hüquqlarının təmin olunması üçün resursların kütləvi şəkildə yenidən bölüşdürməli olmasıdır. Siyasətçilər belə fəaliyyətlə səs toplaya bilməyəcəklərindən xəbərdardırlar.

Bu siyasətçilər ikinci nəsil hüquqların birinci nəsil mülki və siyasi hüquqlardan fərqli olduğunu iddia edirlər. İlkin iddia ondan ibarətdir ki, sosial və iqtisadi hüquqlar, ən azından qısa müddətdə, nə həqiqi, nə də reallaşdırılması mümkün deyillər və biz onlara yalnız tədricən nail olmağa çalışmalıyıq. Bu, ICESCR-də istifadə olunmuş yanaşmadır: hökumətlər bu məqsədlərə gələcəkdə nə vaxtsa nail olmaq istiqamətində iş gördüklərini nümayiş etdirməlidirlər. Bu yanaşma, əlbəttə ki, müzakirəyə açıqdır və daha çox siyasi düşüncələrə əsaslanır. Bir çox müstəqil araşdırmalar göstərir ki, birgə səy göstərildiyi halda hər kəsin əsas ehtiyaclarının təmin olunması üçün dünyada kifayət qədər resurs və təcrübə mövcuddur. Digər iddiaya görə birinci və ikinci nəsil hüquqlar arasında fundamental nəzəri fərq var: birinci nəsil hüquqlar hökumətlərin yalnız müəyyən fəaliyyətlərdən çəkinməsini tələb edir (bunlar həmçinin “neqativ” hüquqlar adlandırılır); ikinci nəsil hüquqlar isə hökumətlərdən müəyyən müdaxiləni tələb edir (bunlar “pozitiv” hüquqlardır). Arqumentə görə, hökumətlərin pozitiv addımlar atmasını, məsələn, hamıya ərzaq təmin etməsini gözləmək real deyil, buna görə də, onlar bunu etməyə məcbur deyillər. Heç kimin öhdəliyi olmadan heç bir hüquq məna kəsb edə bilməz. Buna baxmayaraq, bu cür yanaşmada iki əsas anlaşmazlıq var.

İlk növbədə, mülki və siyasi hüquqlar da tam şəkildə neqativ hüquqlar deyildir. Məsələn, dövlətin işgəncəyə məruz qalmamaq hüququnu təmin etməsi üçün təkcə dövlət rəsmilərinin insanlara işgəncə verməməsi kifayət deyil! Bu hüququn tam təmin edilməsi üçün qarşılıqlı nəzarət sistemi mövcud olmalıdır: polis sistemləri, hüquqi mexanizmlər, məlumat azadlığı və saxlama yerlərinə çıxış və digərləri. Eynisi səs vermək hüququnun və bütün digər mülki və siyasi hüquqların təmin olunmasına aiddir. Başqa sözlə, bu hüquqlar hökumət tərəfindən neqativ fəaliyyətdən çəkinməklə yanaşı pozitiv addımların atılmasını tələb edir.

Bununla yanaşı, sosial və iqtisadi hüquqlar, mülki və siyasi hüquqlar kimi, hökumətin müəyyən fəaliyyətlərdən çəkinməsini tələb edir: məsələn, şirkətlərə böyük həcmdə vergi gözəştlərinin edilməməsi və ya nisbi üstünlüyə malik regionlarda inkişafın təşviq edilməsi yaxud inkişaf etməkdə olan ölkələri cəzalandıran ölkələrə qarşı ticarət tariflərinin tətbiq olunması və s.

Sual: Tam azad və ədalətli seçkiləri təmin etmək üçün hökumət hansı pozitiv fəaliyyəti həyata keçirməlidir?

Həm öz müqəddəratını təyin etmək, həm də inkişaf hüququ … eyni vaxtda fərdi və kollektiv hüquqlardır. Çidi Anselm Odinkal

Əslində, müxtəlif hüquq növləri onların başlıqlarında göründüyündən daha yaxından əlaqəlidirlər. İqtisadi hüquqlar siyasi hüquqlarla birləşir; mülki hüquqlar isə adətən sosial hüquqlardan fərqlənmir. Başlıqlar ümumi mənzərəni göstərmək üçün faydalı, lakin həm də çox aldadıcı ola bilər. Bir çox hüquqlar hər iki kateqori-yaya aid ola bilər, həmçinin, bir kateqoriyadan olan hüquqların təmin olunması digər kateqoriyadakı hüquqların təmin olunmasından asılı ola bilər. Bununla əlaqədar, 1993-cü il Vyana Bəyannaməsi və Fəaliyyət Proqramında əhatə olunmuş yanaşmanı xatırlamaq yerinə düşərdi. Burada 5-ci paraqrafda qeyd olunur ki:

Bütün insan hüquqları universal, bölünməz, qarşılıqlı asılı və əlaqəlidir. Beynəlxalq ictimaiyyət insan hüquqlarına qlobal miqyasda ədalətli və bərabər şəkildə yanaşmalı, eyni cür əsaslandırmalı və eyni əhəmiyyəti verməlidir.

“Əsas” və “digər” hüquqlar üzrə başqa yanaşmalar

Hüquqların geniş şəkildə müzakirə olunduğu bir vaxtda “nəsillər yanaşması” hüquqların bölgüsünü aparmaq üçün yeganə cəhd deyil. Bəzi hüquqların təmin olunması fövqəladə hallar zamanı dayandırıla bilər; bəzilərininki isə yox. Bəzi hüquqlar “jus cogens” və ya dövlətlərin beynəlxalq icması tərəfindən qəbul olunmuş, pozulmasına heç bir halda icazə verilməyən normalar sayılır: nümunələrə soyqırım, köləlik və sistematik irqi ayrı-seçkiliyin qadağan olunması daxildir. Bəzi hüquqlar “mütləq”dir, belə ki, onların təmin olunmasında geri çəkilməyə və ya məhdudiyyət qoyulmasına yol verilmir, məsələn, işgəncənin qadağan olunması. “Minimum əsas” öhdəliklər bəzi iqtisadi və sosial hüquqlarla bağlı müəyyən edilmişdir, məsələn, əsas tibbi yardımın, sığınacaq və təhsilin təmin olunması. Digərlərinə görə, kollektiv hüquqlar əsasdır, çünki onlar müdafiə olunduqda, bu çərçivədə, fərdlərin hüquqları da reallaşdırıla bilər. Bununla bağlı, aydın konsensus və ya tək nəzəriyyə mövcud deyil və əksər müşahidəçilər universallıq, bölünməzlik və hüquqların qarşılıqlı asılılığını vurğulamağın əhəmiyyətini irəli sürürlər.

Hüquqlarla bağlı bu müzakirələrə baxmayaraq, elm bəzən yeni problemlərlə bağlı insan hüquqları normalarının tətbiqinə təkan verir. Bu, aşağıda müzakirə olunacaqdır.

Elmin tərəqqisi

Hər kəsin elmi inkişaf və onun faydalarından bəhrələnmək hüququ var. Maddə 27, ÜİHB

Avropa Şurası Oviedo Konvensiyası

Yeni hüquqların nəzərə alındığı digər bir sahə sağlamlıq və tibb elmidir. Yeni elmi ixtiralar etika və insan hüquqları ilə bağlı, xüsusilə gen mühəndisliyi, eləcə də orqan və toxumaların transplantasiyası sahələrində bir sıra məsələləri ortaya çıxarmışdır. Bu sahələrdəki texniki tərəqqi nəticəsində həyatın təbiəti məsələsi də müzakirə obyektinə çevrilmişdir.

Avropa Şurası belə məsələlərin bəzilərinə yeni beynəlxalq müqavilədə cavab vermişdir: Biologiya və Dərmanların Tətbiqi ilə əlaqədar İnsan Hüquqları və İnsan Ləyaqətinin Qorunması üzrə 1999-cu il Konvensiyası (bundan sonra Oviedo Konvensiyası). Bu konvensiya Avropa Şurasının üzvü olan 30 dövlət tərəfindən imzalanmış və on dövlət tərəfindən ratifikasiya olunmuşdur. Burada əvvəlki bölmədə qaldırılmış bəzi problemli məsələlər üzrə ümumi istiqamətlər göstərilmişdir.

Ən uyğun maddələrin xülasəsi:

  • Şəxsə qarşı onun genetik irsinə əsaslanmaqla edilən ayrı-seçkiliyin istənilən forması qadağan olunur.
  • Öncədən aparılan genetik sınaqlar yalnız sağlamlıq məqsədilə həyata keçirilə bilər. Məsələn, uşağın gələcəkdə malik olacağı fiziki xüsusiyyətləri müəyyən etmək üçün deyil.
  • İnsan genini dəyişdirməklə bağlı müdaxilə yalnız preventiv, dianostik və ya terapevtik məqsədlərlə aparıla bilər.
  • Gələcək uşağın cinsini müəyyən etmək üçün hazırlanmış tibbi yardımla artıma icazə verilmir.
  • Yaşayan şəxsdən tranplantasiya məqsədilə orqanlar və ya toxumanın çıxarılması yalnız alıcının terapevtik faydası üçün aparıla bilər. (21-ci maddə - Maddi qazancın qadağan olunması)

Yaşayan və ya ölü insana genetik cəhətdən bənzər insanın yaradılması məqsədilə edilən istənilən müdaxilə qadağan olunur. İnsan Hüquqları və İnsan Ləyaqətinin Qorunması üzrə Konvensiyanın Əlavə Protokolu Paris 1998

Gen mühəndisliyi genetik materialı dəyişməklə orqanizmin miras aldığı xüsusiyyətləri əvvəlcədən müəyyən edilmiş yolla dəyişmək metodudur. Bu sahədə inkişaf bir sıra etik və insan hüquqları məsələləri üzrə kəskin debata səbəb olmuşdur; məsələn, bütün orqanizm və gələcək nəsillər üçün qalıcı genetik dəyişikliklə nəticələndiyi halda bakterioloji hüceyrələrin dəyişməsinə icazə verilməlidir; və ya siçanlar və qoyunlarda icazə verildiyi halda, insanlar üçün də fərdi gendən klon orqanizmin yaradılmasına icazə verilməlidir.

Sual: Elm adamlarının tədqiqatlarına məhdudiyyət qoyulmalıdır?

Bio-tibbi texnologiyanın inkişafı sayəsində böyüklərdə və döldə olan orqanları və ya toxumaları bir bədəndən digərinə tranplantasiya etmək mümkündür. Gen mühəndisliyi kimi, bu sahə də bəzi insanların həyatlarının keyfiyyətini artırmaq, hətta onların həyatlarını xilas etmək üçün böyük potensiala malikdir, lakin tərəqqinin doğurduğu bəzi problemli məsələləri də nəzərdən keçirin:

  • Əgər ölü bədəndəki orqandan istifadə etməklə həyat xilas oluna və ya yaxşılaşdırıla bilərsə, buna hər zaman cəhd edilməlidir? Yoxsa ölü bədənlərə də hörmət edilməlidir?
  • Təchiz olunan orqanların sayı məhduddursa, biz transplant alan hər kəsə bərabər imkanları necə təmin edə bilərik?
  • Orqanlar və toxumaların saxlanması ilə bağlı qanunlar olmalıdır?
  • Geni dəyişdirilmiş ərzaqlar və qidalarla (GMO-lar) bağlı hüquqlar yanaşması mövcuddur? Əgər mövcuddursa, nədir?