(Qeyri-rəsmi xülasə)

Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyası Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 3-cü Sammiti ilə əlaqədar 16 may 2005-ci ildə Varşavada imzaya açılmışdır. 24 oktyabr 2007-ci ildə Konvensiya onuncu dövlət tərəfindən ratifikasiya olunmuş, nəticədə, 1 fevral 2008-ci ildə qüvvəyə minmişdir. Konvensiya, əsasən, insan alveri qurbanlarının qorunması və onların hüquqlarının təmin edilməsini əhatə edən hərtərəfli müqavilədir. Onun məqsədi alverin qarşısını almaq və günahkarları cəzalandırmaqdır. Bundan əlavə, Konvensiya burada əks olunan öhdəliklərin yerinə yetirilməsinə nəzarət üçün effektiv və müstəqil mexanizmin yaradılmasını nəzərdə tutur.

Konvensiyanın əhatə dairəsi Avropa Şurasına üzv dövlətlərlə məhdudlaşmır; üzv olmayan dövlətlər və Avropa İttifaqının da Konvensiyaya tərəf olmaq imkanı var.

Konvensiyanın məqsədləri və əhatə dairəsi

Bu Konvensiya insan alverinin insan hüquqları pozuntusu və insan ləyaqəti və birliyinə qarşı təhdid olması prinsipinə əsaslanır.
Avropa Şurası Konvensiyası aşağıdakı məqsədləri daşıyan hərtərəfli müqavilədir:

• İnsan alverinin qarşısını almaq
• İnsan alveri qurbanlarının insan hüquqlarını qorumaq
• İnsan alverçilərinin mühakimə olunması.

Konvensiya tətbiq olunur:

• milli və ya transmilli səviyyədə olmasından, eləcə də mütəşəkkil cinayətkarlıqla əlaqəli olub-olmamasından asılı olmayaraq, insan alverinin bütün formalarına
• qadın, kişi və ya uşaq olmasından asılı olmayaraq bütün qurbanlara
• cinsi istismar, məcburi əmək və ya xidmətlərin göstərilməsi və s. olmasından asılı olmayaraq istismarın bütün formalarına.

Konvensiyanın təmin etdiyi tədbirlər

• İnsan alverinin qarşısını almaq üçün əsas tədbirlər arasında alverə məruz qalmaq təhlükəsi altında olan insanlar arasında məlumatlılığın artırılması və insan alveri “müştərilərinin” bu fikirdən daşındırılması məqsədilə görülən tədbirlər qeyd oluna bilər.
• Dövlət orqanları və polisin onlarla qeyri-qanuni miqrantlar yaxud cinayətkarlar kimi rəftar etməsinin qarşısını almaq üçün insan alveri qurbanları müəyyən olunmalıdır.
• Alver qurbanları fiziki və psixoloji dəstək almalı, onların cəmiyyətə yenidən inteqrasiyası təmin olunmalıdır. Tibbi müayinə, məsləhət və məlumat vermə, eləcə də münasib yaşayış şəraitinin təmin olunması nəzərdə tutulan tədbirlər arasındadır. Qurbanların, həmçinin, təzminat almaq hüququ var.
• Qurbanların sağalması və alverçilərin təsirindən azad olması, eləcə də onların səlahiyyətli orqanlarla mümkün əməkdaşlığı üçün minimum 30 gün vaxt verilir. Onların şəxsi vəziyyəti ilə əlaqədar və ya cinayət istintaqında əməkdaşlıq etmələri məqsədilə yaşayış icazəsi yenilənə bilər.
• İnsan alveri cinayət məsuliyyəti doğurur: alverçilər və onların şərikləri mühakimə olunacaqdır.
• Məhkəmə prosesi ərzində insan alveri qurbanların şəxsi həyatı və təhlükəsizliyi mühafizə olunacaqdır.
• İnsan alveri qurbanının xidmətlərindən bilərəkdən istifadə edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması imkanı.
• Konvensiya qurbanların öz vəziyyətləri ilə əlaqədar məcburi şəkildə qeyri-qanuni fəaliyyətdə iştirakı ilə bağlı onlara qarşı cəzaların tətbiq olunmaması imkanını təmin edir.
• İnsan alverinin qarşısının alınması və qurbanların müdafiəsi ilə bağlı vətəndaş cəmiyyəti mühüm rol oynaya bilər. Nəhayət, Kon vensiya səlahiyyətli dövlət qurumları, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələri arasında əməkdaşlığı təşviq edir.

Nəzarət

Nəzarət mexanizmi iki hissədən ibarətdir: İnsan alverinə qarşı fəaliyyət üzrə ekspertlər qrupu – GRETA və Avropa Şurasının üzvü olan Konvensiya Tərəflərinin Nazirlər Komitəsindəki nümayəndələri və Avropa Şurasının üzvü olmayan Konvensiya Tərəflərinin nümayəndələrindən ibarət Tərəflər Komitəsi. GRETA Konvensiyanın yerinə yetirilməsinə nəzarət edir; Tərəflərin həyata keçirdi-yi tədbirləri qiymətləndirən hesabatlar hazırlayır. Konvensiyada göstərilən tədbirləri tam şəkildə yerinə yetirməyən tərəflərdən fəaliyyətlərini gücləndirmək tələb olunacaqdır. Bundan əlavə, Tərəflər Komitəsi GRETA-nın hesabatı əsasında Tərəfə tövsiyələr verə bilər.