(Qeyri-rəsmi xülasə)

BMT-nin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyası 1963-cü il tarixli BMT-nin İrqi Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Bəyannaməsinin əsasında hazırlanmışdır. Bəyannamədə 4 əsas məsələ qeyd olunur:

İrqi fərqlərə əsaslanan hər hansı üstünlük fəlsəfəsi elmi cəhətdən saxta, əxlaqi cəhətdən çirkin, sosial cəhətdən ədalətsiz və təhlükəlidir və irqi ayrı-seçkiliyə nə nəzəri, nə də praktik baxımdan bəraət qazandırılmır;

İrqi ayrı-seçkilik – və daha da çoxu, irqi üstünlük və ya nifrətə əsaslanan hökumət siyasətləri - əsas insan hüquqlarını pozur, millətlər arasında dostluq və sülh münasibətlərinə və xalqlar arasında əməkdaşlıq, habelə beynəlxalq sülh və təhlükəsizliyə mane olur;

İrqi ayrı-seçkilik yalnız onun obyektləri olan şəxslərə deyil, həmçinin, onu təcrübədən keçirən şəxslərə də zərər verir;

Nifrət və bölünmə yaradan faktorlar olan irqi ayrı-seçkilik və seqreqasiyadan azad bir dünyanın qurulması BMT-nin əsas məqsədidir


Maddə 1

İrqi ayrı-seçkiliyin tərifi: məqsədi yaxud nəticəsi insanın hüquq və azadlıqlarının bərabər əsasda tanınmasını, istifadə olunmasını yaxud həyata keçirilməsini ləğv etmək və ya pisləşdirmək olan, irq, dərinin rəngi, nəsil, milli yaxud etnik mənşə əlamətlərinə əsaslanan hər hansı fərqləndirmə, istis-na, məhdudiyyət yaxud üstün tutulma. Müsbət fəaliyyət və ya siyasət irqi ayrı-seçkilik hesab olunmur.

Maddə 2

İştirakçı dövlətlər irqi ayrı-seçkiliyi pisləyir və təxirə salınmadan bütün mümkün vasitələrlə irqi ayrı-seçkiliyin bütün formalarını ləğv etmək siyasəti yürütməyi öhdələrinə götürürlər. Hər bir iştirakçı dövlət irqi ayrı-seçkiliyə yönəlmiş heç bir hərəkət etməməyi və ya fəaliyyət göstərməməyi öhdəsinə götürür və bütün milli, eləcə də yerli dövlət orqanlarının və idarələrinin bu öhdəliyə müvafiq hərəkət edəcəklərinə təminat verir. Hər bir iştirakçı dövlət hər hansı şəxsin yaxud təşkilatın həyata keçirdiyi irqi ayrı-seçkiliyi təşviq və müdafiə etməməyi yaxud ona dəstək verməməyi öhdəsinə götürür. Hər bir iştirakçı dövlət hökumətin milli və yerli miqyasda siyasətinə yenidən baxılması, habelə irqi ayrı-seçkiliyin meydana gəlməsinə yaxud hər hansı şəkildə möhkəmlənməsinə aparan hər hansı qanun və qərarların dəyişdirilməsi yaxud ləğv edilməsi üçün tədbirlər görməlidir. Hər bir iştirakçı dövlət hər hansı şəxsin, qrupun, yaxud təşkilatın yeritdiyi irqi ayrı-seçkiliyi qadağan etməli və ona son qoymalıdır. İştirakçı dövlətlər, şərait tələb etdikdə, müəyyən irqi qruplara mənsub şəxslərin inkişafını və müdafiəsini təmin etmək məqsədilə onların insan hüquqlarından tam və bərabər istifadə etməsinə zəmanət verən xüsusi və konkret tədbirlər görməlidirlər.

Maddə 3

İştirakçı dövlətlər aparteidi xüsusilə pisləyir və öz yurisdiksiyalarında olan ərazilərdə bu xarakterli hər cür praktikanın qarşısını almağı, qadağan etməyi və kökünü kəsməyi öhdələrinə götürürlər.

Maddə 4

İştirakçı dövlətlər irqi üstünlüyə əsaslanan hər cür təbliğatı və təşkilatı pisləyir. İştirakçı dövlətlər irqi ayrı-seçkiliyə hər cür təhrikçiliyin aradan qaldırılması üçün fəaliyyət göstərməli və irqi üstünlüyə əsaslanan ideyaların yayılması və hər hansı irq əleyhinə yönəldilmiş bütün zorakılıq hərəkətlərini qadağan etməlidir.

 

Maddə 5

İştirakçı dövlətlər irqi ayrı-seçkiliyin qadağan olunması və aradan qaldırılmasını və qanun qarşısında heç bir fərq qoyulmadan hər bir insanın bərabərliyini təmin etməyi öhdəsinə götürür, xüsusilə ədalət hüququndan istifadə; şəxsi təhlükəsizlik; siyasi hüquqlar, o cümlədən səs vermək və öz namizədliyini irəli sürmək hüququ, dövlət işlərində bərabər iştirak etmək hüququ; öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ; nikah və ər-arvad seçmək; əmlak sahibliyi hüququ; vərəsəlik hüququ; fikir, vicdan və din azadlığı hüququ; sərbəst toplaşmaq və birləşmək hüququ; iqtisadi, so-sial və mədəni sahələrdə hüquqlar, o cümlədən: əmək hüququ, sərbəst iş seçmək, eyni əmək üçün bərabər ödəniş, ədalətli və qənaətbəxş haqq hüququ; həmkarlar ittifaqları yaratmaq və onlara daxil olmaq hüququ; mənzil hüququ; sağlamlıq, tibbi yardım, sosial təminat və sosial xidmət huququ; təhsil və peşə hazırlığı hüququ; mədəni həyatda bərabər iştirak etmək hüququ; ictimai istifadə üçün nəzərdə tutulan istənilən yerə və xidmət növü yerlərinə daxil olmaq hüququ ilə bağlı.

Maddə 6

İştirakçı dövlətlər onların yurisdiksiyasında olan hər bir insanın irqi ayrı-seçkilik aktlarından qorunmasını və hüquqi müdafiə vasitələri ilə təmin edilməsini öhdəliyinə götürür.

Maddə 7

İştirakçı dövlətlər irqi ayrı-seçkiliyə gətirib çıxaran xurafatla mübarizə aparmaq üçün tədris, tərbiyə və s. sahələrdə tədbirlər görməyi öhdəsinə götürür.

Source: UN Centre for Human Rights and People’s Movement for Human Rights Learning www.pdhre.org