Oktyabr ayının 13-ü, Bakı şəhərində Avropa Şurasının Azərbaycandakı ofisinin təşkilatçılığı ilə tələbələr üçün “Avropa İnsan Hüquqları Konvensiyasına giriş” adlı HELP distant kursun açılış mərasimi keçirilmişdir. Bu kurs “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” çərçivəsində həyata keçirilən “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” adlı Avropa İttifaqının və Avropa Şurasının Birgə Layihəsi üzrə həyata keçirilir.
HELP distant kursda Bakı Dövlət Universitetinin, Dövlət Gömrük Akademiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 40-a yaxın tələbələri iştirak edirlər. Bu kurs Qafqaz regionunda tələbələr üçün keçirilən ilk HELP distant kursdur. Distant kursun əsas məqsədi tələbələrin Avropa İnsan Hüquqları Konvensiyası və həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ sahəsində biliklərinin təkmilləşdirilməsidir. Qeyd olunmalıdır ki, bu kurs HELP Proqramı tərəfindən akkreditasiya olunmuş milli təlimçilər – Lalə Fərzəliyeva və Elnur Aslanov tərəfindən aparılacaq.
Tədbirdə giriş sözü ilə çıxış edən Avropa Şurasının Azərbaycandakı Ofisinin Layihə rəhbəri Vəfa Rövşənova ilk öncə təlimçiləri təqdim etmiş və sonra öz çıxışında HELP platforması çərçivəsində keçirilən bu cür distant kursların hüquqşünaslar üçün faydası, HELP proqramının Avropa Şurasına üzv ölkələrdə sürətli inkişafı və yeni növ tədris resurslarının əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.
Daha sonra bu il ölkəmizdə keçirilən “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” mövzusu üzrə HELP distant kurslarında uğurla iştirak etmiş iştirakçılara kurs təlimçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Azər Nağıyev və Bakı Dövlət Universitetinin müəllim Gülnaz Ələsgərova tərəfindən HELP sertifikatları təqdim olunmuşdur.
Sertifikatların təqdim edilmə mərasimindən sonra çıxış üçün söz alan HELP Proqramının Azərbaycan hakimləri və məhkəmə aparatı işçiləri üzrə əlaqələndiricisi Zülfiqar Babayev HELP proqramının təqdimatını edərək HELP platformasında qeydiyyatın texniki aspektləri və mövcud müstəqil kurslar barədə məlumat vermişdir. Bundan sonra o iştirakçıların kursa cəlb olunmalarını təmin etmişdir.
Tədbirin sonunda iştirakçılara kursun keçirilmə və kurs təlimçiləri ilə əlaqə proseduru aşılanmışdır. Kurs barədə ümumi məlumat HELP təlimçi Lalə Fərzəliyeva tərəfindən verilmişdir. Sual-cavab sessiyası yekunlaşdıqdan sonra tədbir başa çatmışdır.
HELP distant kursu oktyabr ayının 13-də başlayır və dekabr ayının 20-dək davam edəcək. Kursu uğurla başa vuran iştirakçılara Avropa Şurası tərəfindən beynəlxalq sertifikat veriləcək.