O, mənim qəhrəmanımdır! Sizinki kimdir?

Xülasə

Bu məşğələ aşağıdakılar üzrə fərdi, kiçik və ümumi qrup işi, beyin fırtınası və müzakirəni əhatə edir:
• Qadın və kişi qəhrəmanlar sosiallaşma və mədəniyyət rəmzi kimi
• Genderlə bağlı stereotiplərin tariximiz, mədəniyyətimiz və gündəlik həyatımızdakı kökləri

Əlaqədar hüquqlar

• Bərabərlik hüququ
• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
• Fikir və ifadə azadlığı

Məqsədlər

• Tarixi hadisələrlə bağlı müxtəlif perspektivlərin olmasının səbəbini başa düşmək
• Tənqidi təhlil bacarıqlarını inkişaf etdirmək
• Maraq, açıqfikirlilik və ədalət hissini tərbiyə etmək

Materiallar

• Kağız və qələmlər (hər iştirakçıya bir göy və bir qırmızı qələm; istəyə görə, lakin məsləhət görülür)
• Flipçart kağızı və markerlər

compass-key-date
  • 18 İyulBeynəlxaq Nelson Mandela Günü

Təlimatlar

1. İştirakçılara hansı milli qadın və kişi qəhrəmanlarına (tarixi və ya yaşayan) heyran olduqları barəsində düşünmək üçün beş dəqiqə vaxt verin.
2. Kağız və qələmləri paylayın və hər iştirakçıdan iki sütun çəkməyi xahiş edin. İlk sütunda onlar (qırmızı qələmdən istifadə etməklə) üç və ya dörd qadın qəhrəmanın adını, eyni zamanda, onların kim olduğunun qısa təsvirini və ölkə üçün nə etdiklərini yazmalıdırlar. Aşağıda onlar ümumilikdə qadın qəhrəmanlarla əlaqələndirdikləri xarakteristikanı təsvir etmək üçün əsas sözləri yazmalıdırlar.
3. Eyni prosesi (göy qələmdən istifadə etməklə) üç və ya dörd kişi qəhrəman üçün təkrarlayın. Bu məlumatı ikinci sütunda yazmalıdırlar.
4. İndi isə iştirakçılardan beş – yeddi nəfərlik kiçik qruplara ayrılaraq qadın və kişi qəhrəmanlar üzrə seçimlərini paylaşmağı xahiş edin. Qrupları ən dəyərli dörd qadın və
dörd kişi qəhrəman barəsində razılağa gəlməyə çağırın.
5. Daha sonra, ümumi şəkildə toplanın və hər qrupun qadın və kişi qəhrəmanlarının adlarını flipçartda iki sütunda yazın. Xarakteristikanı təsvir edən əsas sözləri əlavə edin.
6. Xarakteristika siyahısını, qadın və kişi qəhrəmanların rol modeli olaraq rolunu və onların gender stereotipi olmaq dərəcəsini müzakirə edin. Bundan sonra, təhlilə keçin.

Təhlil və qiymətləndirməGoto top

Məşğələni nəzərdən keçirməklə və insanların qadın və kişi qəhrəmanlar haqqında nə öyrəndiyini müzakirə etməklə başlayın, daha sonra, stereotiplər, onların bizim mühakimələrimiz və fəaliyyətimizə təsiri barəsində danışın.

• Qadın və kişi qəhrəmanlar necə insanlardır? (Sadə kişi və qadınlar? Krallar?)
• Onlar nə ediblər? (Savaşıblar? Şeir yazıblar?) İştirakçılar onlar haqqında nə öyrəniblər?
• İki siyahının xarakteristikası arasında bənzər və fərqli cəhətlər hansılar idi?
• Qadın və kişi qəhrəmanlar hansı dəyərlər uğrunda mübarizə aparıblar? Bu dəyərlər ikisi üçün eynidir yoxsa fərqlidir?
• İnsanlar “stereotip” sözündən nə başa düşürlər? Stereotiplər nə qədər həqiqəti əks etdirir?
• Stereotiplər həmişə mənfidir?
• Ümumilikdə, sizin cəmiyyətinizdəki insanların və şəxsən sizin qadın və kişi stereotipləri, eləcə də onlardan gözlənilənlər haqqında fərqli fikirləriniz var?
• Bu cür yanaşma iştirakçıları məhdudlaşdırır? Necə?
• Bu məşğələdəki xarakteristika siyahısı bəziləri tərəfindən milli xarakteristika kimi qəbul edilən xüsusiyyətləri əks etdirir?
• Sosial və mədəni maneələr hansı dərəcədə stereotipləşmiş düşüncənin nəticəsidir?
• Gender stereotipləşdirməsi insan hüquqlarını necə pozur?
• Hansı insan hüquqları sənədləri və maddələri insanları gender əsaslı ayrı-seçkilikdən qoruyur?
• Stereotipləşmiş yanaşmalar çox vaxt qadın və kişiləri məhdudlaşdıraraq onların həyatdakı seçimləri və imkanlarına maneə törədir. İştirakçılar hansı gender əsaslı maneələrdən əziyyət çəkiblər? Evdə, məktəbdə, klubda və ya iş yerində?
• İştirakçılar bu maneələrlə bağlı nə edə bilərlər? Onlar kişilik və qadınlıqla bağlı mədəni norma və dəyərlərdən uzaqlaşmaq üçün strategiyalar irəli sürə bilərlər?

Ukraynadakı qrupun 2-ci mərhələdəki işindən nümunə.

Qadın qəhrəmanlar 
Şahzadə Olha, Kiyev Rusunda ilk xristian Şahzadə Volodimir Kiyev Rusunda (Ukraynanın qədim adı) xaç suyuna salınıb.
Roksalana, türklər tərəfindən tutulmuş gənc qadın. Xanın hərəmxanasında yaşayıb. Mövqeyindən siyasətə təsir üçün istifadə edib Hetman Mazepa müstəqillik uğrunda savaşçı
Şairə Lesya Ukrainka ukraynalı kimliyi və qadın emansipasiyası haqqında yazıb Şair Şevçenko azadlığı tərənnüm edib
• güclü, hiyləgər, yumşaq, qadınsayağı, qüdrətli, gözəl • Güclü, qüdrətli, cəsur, cəsarətli, mətanətli, inadkar

 

Fasiltatorlar üçün məsləhətlərGoto top

Müxtəlif cəmiyyətlərdə “qadın qəhrəman” və “kişi qəhrəman” sözləri fərqli qəbul olunur. Bundan xəbərdar olun və anlayışları diqqətlə təqdim edin; qadın və kişi qəhrəmanların rol modeli olduğunu qeyd etmək faydalı ola bilər.

Təlimatların 5-ci bəndində siz kiçik qrupların bütün dediklərini qəbul etməli və flipçartda yazmalısınız. Əgər kimsə “qadınsayağı” və ya “kişisayağı” ifadələrindən istifadə edirsə, siz bu mərhələdə onları qəbul etməli və təhlildə bu sözlərin mənalarını müzakirə edərkən onlara qayıtmalısınız.

Hədəf qrupu və kontekstdən asılı olaraq, iştirakçılardan insan hüquqlarının qadın və kişi qəhrəmanlarını (müdafiəçilər/fəallar/onların fikrincə, dünyada və ya ölkələrində dəyişiklik etmiş şəxslər) müəyyən etməyi xahiş etməniz onlar üçün insan hüquqları ilə əlaqəni qurmağı asanlaşdıra bilər. Bundan sonra, siz insan hüquqlarının tərəqqisini, onların yerli, regional və beynəlxalq hüquqa təsirini və dilemmaları müzakirə edə bilərsiniz.

Bu məşğələni fərqli mədəniyyətlərdən gələn iştirakçılarla etmək daha yaxşıdır, çünki bu halda mədəni element daha aydın görünür. Qrupları qarışdırın və iştirakçılara ya hazırda məskunlaşdıqları ölkədən, ya da anadan olduqları ölkədən olan qadın və kişi qəhrəmanları qeyd etməyi xahiş edin.

VariantlarGoto top

Gənc qruplarla çalışarkən siz müxtəlif növ qadın və kişi qəhrəmanlarla, məsələn, karikatura kitabları və filmlərdəki qəhrəmanlar, pop, film və idman məhşurları ilə işləmək istəyə bilərsiniz. Siz sessiyaya kitabları oxumaqla başlayıb, daha sonra qəhrəmanların xarakteristikası ilə bağlı beyin fırtınası ilə davam edə bilərsiniz. Alternativ kimi, pop və ya idman ulduzlarının şəkillərini asa, iştirakçılardan nitq qabarcıqları və ya şəkillər əlavə etməyi xahiş edə bilərsiniz. Əgər siz, “sizin qadın və kişi qəhrəmanınız kimdir?” sualını tam şəkildə açıq qoysanız, məhsuldar müzakirəyə gətirib çıxaran maraqlı fikirlər eşidə bilərsiniz. Məsələn, iştirakçılar valideynlərinin adlarını, Yuri Qaqarin, Hello Kitty, Nelson Mandela və ya Bethovenin adını çəkə bilərlər!

İştirakçılara, bir qadın və bir kişi seçməli olduqlarını demədən, onların hər birindən heyran olduqları iki şəxsi seçməyi xahiş edin. Təhlildə siyahılarında kişi yoxsa qadınların çox olduğunu saymağı xahiş edin. İştirakçılardan bunun əhəmiyyətini soruşun.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Əgər qrup insan hüquqlarının qadın və kişi qəhrəmanlarına baxmaq istəyirsə, “Hüquq mübarizləri” məşğələsini edin..

Fəaliyyət üçün fikirlərGoto top

Gündəlik həyatınızda stereotipləşdirmədən, xüsusilə həm digərlərinin, həm də (qeyri-şüuri!) sizin qərəzinizə gətirib çıxaran yanaşmalardan daha çox xəbərdar olmağa söz verin.

Ölkənizə (beynəlxalq kontekstdə dünyaya) töhfə vermiş, lakin elə də tanınmayan qadınları müəyyən edin. Məktəbiniz və ya gənclər klubunda sərgi təşkil edin. Həmçinin, bu qadınlar barəsində yerli qəzet üçün məqalə yaza və İnternetdə yayımlamaq üçün qısa video hazırlaya bilərsiniz. Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün mərasim təşkil edin.

Qadın problemlərinə həsr olunmuş yerli, milli və ya beynəlxalq kampaniyalara, məsələn, eyni iş üçün bərabər maaş, qadın alveri, dünya üzrə uşaqlar üçün təhsilə bərabər çıxış kampaniyalarına qoşulun.

Əlavə məlumatGoto top

“Stereotip” qərəz və ayrı-seçkiliyə aparıb çıxaran, insanlar və ya fikirlər barəsində həddən artıq sadələşdirilmiş, ümumiləşdirilmiş və əksər hallarda qeyri-şüuri qərəzli yanaşmadır. Bu ümumiləşdirmədə qrupun bir hissəsinin malik olduğu xüsusiyyət bütün qrupa şamil olu-nur. Məsələn, italyanlar operanı sevir, rusları baleti sevir, qaradərili insanlar Afrikadan gəlir. Qadınlar və ya kişilərə cinslərinə görə necə davranmalı olduqları barəsində rollar şamil edilirsə, bu “gender stereotipləşdirilməsi” adlandırılır.

Mənbə
Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı (UNDP), İnkişaf proqramında gender, məlumat və öyrənmə paketi, əsas gender proqramı və layihə giriş nöqtələri. Yanvar, 2001

Cins və gender sözləri qarışıqlıq yarada bilər. Cins anlayışı qadınlar və kişilər arasında universal və dəyişməz bioloji fərqlərə aid edilir. Gender dedikdə, cəmiyyətin üzvü kimi sosiallaşma prosesində əldə olunan və ya öyrənilən sosial xüsusiyyətlər nəzərdə tutulur. Buna görə də, gender müəyyən cəmiyyətdə müəyyən vaxtda kişi (kişisayağı) və qadın (qadınsayağı) olmaqla, eləcə də həmin cəmiyyətin üzvü olmaqla əlaqədar olan sosial xüsusiyyətlər, rollar, fəaliyyət, məsuliyyət və ehtiyacları əhatə edir.