Kompasda insan hüquqları üzrə təhsilə yanaşmalar
İnsan Hüquqları üzrə Təhsili mədəniyyətlər və dillər arası ötürmək üçün Kompasdan istifadə
Kompasın birinci nəşrinin təcrübəsi göstərdi ki, bütün Avropa üçün bir təlimat vəsaitinin tərtib olunması mümkündür. Mədəniyyət və dil maneələr deyil, əksinə onlar bizim işimizi zənginləşdirir. Hər kəs insan hüquqlarına istinad edə bilər, çünki bizim hər birimiz ləyaqət hissinə sahibik və öz hüquqlarımızın inkar edilməsi halında özümüzü alçaldılmış hiss edə bilərik. Bununla yanaşı, insan hüquqları universal olduğu və Ümumdünya İnsan Hüquqları Bəyannaməsi kimi beynəlxalq səviyyədə təsdiq olunmuş sənədlərə əsaslandığına görə, insan hüquqları üzrə təhsil təcrübəsini kontekstləşdirməyə həmişə ehtiyac olsa da, insan hüquqları üzrə təhsilin məqsəd və prinsipləri hər bir cəmiyyətə tətbiq edilə bilər.
Avropa öz-özlüyündə müxtəliflik dünyasıdır. Qitədə, ümumilikdə 200-dən çox dildə danışılır. Avropanın sərhədləri boyunca bütün əsas dinlər yayılmışdır. Qitə demokratiyanın yaradılması, eyni zamanda, bütün dünyada tarix boyunca görülmüş ən pis faşizm və totalitarizm nümunələri ilə əlaqələndirilir. Avropanın keçmişində Holokost, müstəmləkəçilik və quldarlıq iz qoymuşdur və bu gün də Avropada dünyadakı bütün həyatı yer üzündən silə biləcək qədər nüvə silahları mövcuddur. Buna baxmayaraq, Avropa hər il Nobel Sülh mükafatı mərasiminə ev sahibliyi edir və bütün dünyadan müraciət olunan insan hüquqları üzrə daimi məhkəmə məhz burada təsis olunmuşdur.
Bu gün Avropanı 1949-cu ildə Avropa Şurası yaradılanda buraya daxil olma-yan və yüz illər boyunca sərhədləri çox az dəyişən ölkələr formalaşdırır. Bəzi sərhədlər hələ bu gün də dəyişməyə davam edir, çünki münaqişələr qeyri-stabil sərhədlər təhlükəsini yaradır. Buna görə də, Avropada bəzi insanlar gündəlik həyatında zorakılıq və münaqişə, digərləri isə sülh, təhlükəsizlik və firavanlıq şəraitində yaşayır.
Hər bir Avropa ölkəsində həm milyonerlər, həm də yoxsul-luq səviyyəsindən aşağı səviyyədə yaşayan insanlar var. Hər bir ölkə daxilində və ölkələr arasında müxtəliflik mövcuddur. Avropanın bir hissəsində müəllim olduqda siz bir günə dünyanın başqa hissələrində həmkarlarınızın bir aya qazandığı məbləği qazana bilərsiniz. Halbuki, Avropanın digər hissəsində müəllim olduqda ümumiyyətlə bir ay bo-yunca heç bir maaş almaya bilərsiniz. Bəs onların şagirdləri necə? İcbari təhsil Kipr və İsveçrədə 9 ildən, Belçika və Niderlandda 13 ilə qədər dəyişir. Şagirdlər məktəbləri bitirdikdə işə düzəlmə şansları da ölkədən ölkəyə görə dəyişir. Gənclərin sosial hüquqları əldə etmələri və müstəqil olmaları imkanları da çox müxtəlifdir. Gənclərin işsizlik səviyyəsi, Avrostat statistikasına uyğun olaraq, Nid-erlandda 7.6 %-dən, İspaniyada 44.5 %-ə və ya Latviyada 43.8 %-ə qədər dəyişir.7
İnsan Hüquqları Təhsili üzrə sosial, mədəni və siyasi quruluşlar da cəmiyyətlər və dövlətlərə görə dəyişir; lakin yanaşma, məzmun və metod üzrə təfərrüatlar dəyişsə də, prinsip və məqsədlər dəyişməz olaraq qalır.
İnsan Hüquqları üzrə Təhsil müxtəlif Təhsil Sistemlərində
Kompasın ilk nəşri ilə bağlı təcrübə göstərdi ki, Kompas yalnız gənclər klubları, gənclər təşkilatları və QHT-lərdə deyil, həmçinin, məktəblər, bizneslər, hətta dövlət təhsil idarələri tərəfindən də istifadə olunur. Başqa sözlə desək, Kompas bütün yaşlarda olan insanlar tərəfindən və bir çox müxtəlif təhsil qurumunda istifadə olunur.
Bizim ilkin təşəbbüsümüz ondan ibarət idi ki, Kompas başlıca olaraq, məktəbdən sonra fəaliyyət göstərən klublar, idman qrupları, kilsə gəncləri qrupları, universitet qrupları, insan hüquqları qrupları və gənclərin mübadiləsi təşkilatları kimi qeyri-formal təhsil müəssisələrində gənclər işi ilə məşğul olan şəxslər tərəfindən istifadə olunsun. Bu qurumlarda əsas diqqət gənclərin şəxsi və sosial inkişafına yönəldilir və buna görə də, fəaliyyət vahid yanaşmada olur, yəni onlar sosial kontekstdə bilik, bacarıq və yanaşmaların inkişafı üçün işləyirlər.
Kompasitonun tapşırıqları adətən daha asan və əyləncəli olur və daha qısa olduqları üçün siniflərdə istifadəsi daha rahatdır.
Lakin Kompas, həmçinin, diqqətin bacarıq və yanaşmaların inkişafından daha çox biliklərin qavranılmasına yönəldiyi məktəb, kollec və universitet kimi formal müəssisələrdə də tətbiq olunur. Bir çox müəllim tarix, coğrafiya, dil və vətəndaşlıq tədrisi proqramında Kompasın məşğələlərindən istifadə etmək üçün imkanlar tapır və qabiliyyətlərə əsaslanan tədris proqramına keçid etdikdən sonra imkanlar daha da artacaqdır. Müəllimlər, menecerlər, dövlət rəsmiləri və məhkəmə heyəti üçün təlim kadr hazırlığı üzrə formal və qeyri-formal təhsilin bir növüdür, lakin burada da təlimçilər Kompasdan həm ümumilikdə insan hüquqları üzrə təlim üçün, həm də qurum daxilində bərabər imkanlar və irqçilik problemlərinə toxunmaq üçün istifadə edirlər. Kompasa bəzi ölkələrin məktəb sistemində rəsmi tədris mənbəyi kimi etibar olunur. Avropa Şurasının gənclər sektoru insan hüquqları üzrə təhsilin uşaqlara təqdim edilməsinin vacibliyindən xəbərdar olduğu üçün uşaqlar üçün insan hüquqları təhsili üzrə vəsaiti – Kompasitonu ərsəyə gətirmişdir. Kompasito 7-13 yaş arası uşaqlar üçün nəzərdə tutulub və adından da göründüyü kimi Kompasın yanaşmaları və metodologiyasına əsaslanır.
İnsanlar insan hüquqları üzrə təhsili bir çox müxtəlif yollarla öyrənir və təcrübədən keçirir. Kompasın məşğələlərində təklif olunan metod və dinamika öz-özlüyündə nə qədər maraqlı olsa da, yadda saxlamaq lazımdır ki, bu məşğələlərin əsas məqsədi iştirakçıların nə öyrənə biləcəyi və bu öyrəndikləri ilə nə edə biləcəkləridir. Öyrənilənləri necə möhkəmləndirmək barədə təkliflərdən bəzilərinə ailə və ya dostlarla məşğələnin yerinə yetirilməsi və ya KİV-ə yazmaq aiddir. Bu, Kompasdan qeyri-formal təhsildə istifadə etmək yollarından sadəcə ikisidir.
Formal təhsilə yanaşmalar, xüsusilə istifadə olunan metodlar və müəllimlərin oynadığı rol ölkədən ölkəyə dəyişir. Eyni formada, gənclər klubları və təşkilatları formasında qeyri-formal təhsilin mümkünlüyü, onların fəlsəfələri və idarə olunma formaları ölkələr arasında fərqlənir. Buna baxmayaraq, formal və qeyri-formal sek-torlar arasında ümumiləşdirilə biləcək müəyyən struktur fərqləri mövcuddur.
İnformal təhsil
İnformal təhsil hər bir kəsin təhsilin təsiri nəticəsində və öz ətrafındakı mənbələrdən və gündəlik təcrübəsindən yanaşmalar, dəyərlər, bacarıqlar və biliklər əldə etdiyi ömürboyu davam edən təhsil prosesidir. İnsanlar ailələri və qohumlarından, bazarda, kitabxanada, mədəniyyət sərgilərində, işdə oynamaq, oxumaq və idmanla məşğul olmaq nəticəsində nə isə öyrənir. Kütləvi informasiya vasitələri, məsələn, oyunlar və filmlər, musiqi və mahnılar, televiziya debatları və sənədli filmlər informal təhsil üçün çox önəmli vasitədir. Bu yolla öyrənmək planlaşdırılmamış və strukturlaşdırılmamış öyrənmə vasitəsidir.
Formal təhsil
Formal təhsil ibtidai məktəbdən (bəzi ölkələrdə hətta bağçada) universitetə qədər strukturlu təhsil sistemidir və peşə təlimləri, texniki və professional təlim üzrə ixtisaslaşmış proqramları özündə birləşdirir. Formal təhsil adətən tələbələr tərəfindən öyrənilən bilik və bacarıqların qiymətləndirilməsini özündə birləşdirir və fərdlərin ehtiyac və üstünlüklərinə bu və ya digər dərəcədə uyğun olan proqram və kurrikuluma əsaslanır. Formal təhsil adətən qiymətləndirmə və sertifikatlaşdırma ilə nəticələnir.
Qeyri-formal təhsil
Bilik, yanaşma və bacarıqların qarşılıqlı əlaqəsi yaxşı insan hüquqları təhsilini, eyni za-manda, qeyri-formal təhsili xarakterizə edir. İnsan Hüquqları üçün Yaşamaq, Öyrənmək və Fəaliyyət forumunun yekunları, 2009
Qeyri-formal təhsil formal təhsil kurrikulumundan kənar gənclər üçün bir çox bacarıq və qabiliyyətin inkişafına yönəldilmiş və müəyyən strukturu olan şəxsi və sosial təhsil proqramı və prosesi deməkdir. Qeyri-formal təhsil gənclərin birlikdə layihələr həyata keçirdiyi, oyunlar oynadığı, müzakirələr apardığı, kempinq etdi-yi və ya musiqi və tamaşalar ərsəyə gətirdiyi gənclər təşkilatları, idman klubları, teatr və cəmiyyət qruplarında baş verənlərdir. Qeyri-formal təhsildə uğurların sertikatlaşdırılması, hətta onların sosial olaraq tanınması inkişaf etsə də, çətindir. Qeyri-formal təhsil, həmçinin, aşağıdakı kimi olmalıdır:
- könüllü
- hər kəs üçün əlçatan (ideal olaraq)
- təhsil məqsədləri olan təşkilati proses
- iştirakçı
- tələbə-yönümlü
- həyat bacarıqlarının öyrənilməsi və aktiv vətəndaşlıqla bağlı
- kollektiv yanaşma ilə həm fərdi, həm də qrup yanaşmasının tətbiq edilməsinə əsaslanan
- vahid və prosesə yönəlmiş
- təcrübə və fəaliyyətə əsaslanan
- iştirakçıların ehtiyaclarına uyğun olaraq təşkil edilmiş.
Formal və qeyri-formal təhsil ömürboyu davam edən öyrənmə prosesinin tamamlayıcı və qarşılıqlı qüvvətləndirici elementləridir. Bir daha vurğulamaq istərdik ki, Kompasın fərdi məşğələləri çox müxtəlif kontekstlərdə, formal və ya qeyri-for-mal təhsil formalarında, müntəzəm və ya qeyri-müntəzəm olaraq tətbiq oluna bilər. Lakin qeyd etmək lazımdır ki, nəyin harada və necə baş verdiyi çox önəmlidir, Kompasın müəllifləri qeyri-formal təhsili insan hüquqları üzrə təhsil üçün potensial olaraq daha uyğun görürlər (həmçinin, ona görə ki, Kompas, ilkin olaraq, gənclərlə iş məqsədilə hazırlanmışdır). Məktəb və kolleclərə gəldikdə isə insan hüquqları üzrə təhsil yalnız sinif otağında tətbiq oluna biləcək bir şey kimi görülə bilməz; onun tətbiqi bütün məktəb və cəmiyyətə genişləndirilməlidir. Təhsil qurumlarının demokratik idarə edilməsi insan hüquqları təhsili (və onun etibarlılığı) prosesində əsas rol oynayan faktor sayılır.8
Bu vəsaitdə siz insan hüquqları və müxtəlif insan hüquqları məsələləri üzrə məlumat, həmçinin, gənclər üçün insan hüquqları təhsili üzrə 60-dan çox məşğələ tapacaqsınız. Lakin burada yalnız məşğələlər deyil; həmçinin, insan hüquqları üzrə təhsilin metodologiyası və məşğələlərdən müxtəlif vəziyyətlərdə necə istifadə etmək, onları necə qəbul etmək və inkişaf etdirməklə bağlı geniş bölmə yer alır. Eyni zamanda, burada gənclərə onlarla əlaqəli mövzulara necə cəlb olunmalı və “hərəkətə keçməli” olduqları barədə məlumat və təlimat verilir (3-cü Fəsil).
Kompasda insan hüquqları üzrə təhsilin pedaqoji əsası
Iİnsan hüquqları üzrə təhsildə metod və məzmun bir-biri ilə əlaqəli və qarşılıqlı asılıdır.
İnsan hüquqları barədə bilmək kifayət deyil; insanlar, həmçinin, insan hüquqlarını müdafiə etmək üçün birlikdə fəaliyyət göstərə biləcəkləri bacarıq və mövqeləri inkişaf etdirməlidirlər və onlar insan hüquqları üzrə dünya mədəniyyətinin yaradılması üçün lazım olan şəxsi və sosial dəyişikliklərə səbəb olmaqdan ötrü beyinləri, ürəkləri və əllərindən istifadə etməlidirlər.
Vahid təhsil
İnsan hüquqları məsələləri bütünlüklə insana (bədən, beyin və ruh) və beşikdən məzara qədər bütün həyat səviyyələrinə aiddir. Bütün insanlar hər şeyin qarşılıqlı əlaqədə olduğu bütöv bir dünyada yaşayır; insan hüquqları üzrə təhsil qəti olaraq vahid təhsil yanaşmasını tələb edir. Vahid təhsil insanların bütünlüklə inkişafını – onların intellektual, emosional, sosial, fiziki, bədii, yaradıcı və mənəvi potensialının inkişafını təşviq edir. Vahid təhsil həmçinin təhsilin gündəlik təcrübələri əhatə edən sosial kontekstdə baş verməsini nəzərdə tutur; buna görə də, o, fənlərarasıdır və məktəb tədris planındakı ənənəvi fənlərlə kəsişir.
Vahid yanaşma həmçinin onu bildirir ki, biz tədrisin dərketmə, praktiki və qiymətləndirmə aspektlərinə müraciət etməyə və onları araşdırmağa çalışırıq, yəni insanların yalnız nəyi öyrəndiyini deyil, həmçinin, bu öyrəndiklərini öz yanaşmaları və ya davranışlarında, fərdi qaydada və digərləri ilə birgə insan hüquqları ilə bağlı fəaliyyətdə necə tətbiq etdiyini də araşdırırıq.
Vahid tədris fərqləndirilmiş tədrisdir. Kompasda yer alan məşğələlər bir neçə fərqli tədris üsullarını tətbiq etməyə imkan verir və müxtəlif intellekt səviyyələrinə uyğun olacaq şəkildə, həm idraki, həm də emosional sahələrin inkişaf etdirilməsi üçün hazırlanmışdır.
Açıq təhsil
Açıq təhsil elə bir quruluşa sahibdir ki, problemlərə çoxsaylı/kompleks cavab-lar yalnız mümkün deyil, həmçinin, gözləniləndir. İştirakçılar yalnız məntiqli olan bir “düzgün” cavab vermək məcburiyyətində deyillər, çünki həyat ağ və qaradan ibarət deyil və ikimənalılıq bizim yaşadığımız dünyanın reallığıdır. Açıq təhsil fikirlərini və tənqidi yanaşmanı ifadə etmək üçün özünə inamı təşviq edir. Bu, insan hüquqları təhsili üçün çox vacibdir, çünki insan hüquqları məsələləri müxtəlif fikirlər və anlayışlara təkan verir; buna görə də, təhsil alan insanlar üçün birgə öyrənmək, eyni zamanda, mübahisə etmək, əks nəticələrə və ya fikirlərə sahib olmaq çox vacibdir.
Dəyərlərin müəyyənləşdirilməsi
İştirakçılara öz fikirləri və dəyərlərini müəyyənləşdirmək, aydınlaşdırmaq və ifadə etmək, hər bir insanın ləyaqəti, fikir və söz azadlığı və digərlərinin fikirlərinə hörmət çərçivəsində digərləri ilə üzləşmək imkanı verilir.
İştirak
İştirak üçün təhsil alanların cəlb olunduqları məşğələlərə görə məsuliyyət daşımalarını təşviq edəcək mühit tələb olunur.
İnsan Hüquqları üzrə təhsildə iştirak o deməkdir ki, gənclər insan hüquqları haqqında nəyi və necə öyrənməli olduqları barədə qərar qəbul edilməsində iştirak edirlər. İştirak etməklə gənclər qərar qəbuletmə, dinləmə, özünü digər insanın yerinə qoyma və digərlərinə hörmət, öz qərarları və hərəkətlərinə cavabdeh olmaq kimi müxtəlif bacarıqları inkişaf etdirirlər.
Belə ki, insan hüquqları üzrə təhsil gənclərə nə zaman, necə və hansı möv-zularda işləmək istədikləri barədə qərar qəbul etməyə şərait yaratmalıdır. Bu, o deməkdir ki, lider və ya müəllimin rolu sadəcə bilik ötürmək və ya nəyin və necə öyrənilməli olduğunu göstərmək deyil, fasilitator, bələdçi, dost və ya məsləhət verən rolunu oynamaqdır.
Bu vəsaitdəki məşğələlər fəal iştirak tələb edir; fəal və məşğul olmalısınız; geri çəkilib passiv müşahidəçi olmamalısınız. Bu xüsusda, metodologiya üçün Augusto Boal və sosial təhsil, maarifləndirmə və tənqidi düşüncə sahəsinin digər yaradıcılarına minnətdar olmaq lazımdır. Təhsil alanlar/iştirakçılar məşğələnin icra edilməsində fəal olmadıqları təqdirdə, onu təxirə salmaq və ya dayandırmaq və onlardan iştirak etməmələrinin səbəbini soruşmaq daha yaxşı olar. Bu, həmçinin, insan hüquqları üzrə təhsilin bir hissəsidir.
İştirak üçün təhsil alanlar/iştirakçıların cəlb olunduqları məşğələlər və proseslərə görə məsuliyyət daşımalarını təşviq edəcək dəstəkləyici mühit tələb olunur. Eyni zamanda, iştirakçılarla şəffaf və dürüst olmaq vacibdir (o cümlədən iştirak hədləri ilə bağlı). İştirakla bağlı hədlərin qeyd olunması vəziyyətin manipulyasiya olunması və ya yalandan iştirak etməkdən daha üstün tutulur.
Müştərək təhsil
Digərlərinə hörmət və birlikdə çalışmanın öyrənilməsi insan hüquqları üzrə təhsilin məqsədlərindən biridir. Müştərək təhsil zamanı insanlar həm özləri, həm də qrupun bütün üzvləri üçün faydalı olan nəticələrin əldə edilməsi məqsədilə birlikdə işləyərək öyrənirlər. Müştərək təhsil daha yüksək nailiyyətlər və daha böyük məhsuldarlıq, daha diqqətli, dəstəkləyici və əqidəli münasibətlər və daha geniş sosial rəqabət və özünə hörməti təşviq edir. Bu, təhsil rəqabətyönümlü təşkil olunduqda baş verənlərin tam əksidir. Rəqabətyönümlü təhsil adətən mənfəətpərəstlik, digərlərinə qarşı hörmətsizlik və qaliblərdə təkəbbür, məğlublarda isə motivasiyanın düşməsi və özünə hörmətin itirilməsini təşviq edir.
Təcrübə əsaslı təhsil (təcrübə sayəsində öyrənmək)
Təcrübə sayəsində öyrənmək və ya kəşf etməklə öyrənmək insan hüquqları üzrə təhsilin təməlidir, çünki ünsiyyət, tənqidi düşüncə, müdafiə, dözümlülük və hörmət kimi əsas insan hüquqları bacarıqları və dəyərləri öyrədilə bilməz; onlar təcrübə və praktika vasitəsilə öyrənilməlidir.
İnsan hüquqları barədə bilmək önəmlidir, lakin kifayət deyil. Gənclərin in-san hüquqlarının insanların ehtiyacları arasında hansı yeri tutduqları və nə üçün müdafiə olunmalı olduqları barədə dərin anlayışları olmalıdır. Məsələn, birbaşa ola-raq irqi ayrı-seçkilik yaşamamış gənclər düşünə bilər ki, bu məsələnin onlara heç bir aidiyyatı yoxdur. İnsan hüquqları perspektivindən bu hal qəbul olunan deyil; hər yerdə insanlar digərlərinin insan hüquqlarını müdafiə etmək məsuliyyəti daşıyırlar.
Öyrənmək üçün sadəcə təcrübə kifayət deyil
Kompasda biz rol oyunları və tematik araşdırmalar kimi məşğələlər vasitəsilə iştirakçılara sual verilməsi və problemlərin təqdim olunması kimi təcrübələri həyata keçiririk. Təcrübədən nəticə əldə olunması üçün nəyin baş verdiyini izah etmək, nəticələr əldə etmək və öyrənilənləri təcrübədən keçirmək vacibdir: öyrənilənləri möhkəmləndirilmədikdə onlar yox olacaq.
David Kolbun təcrübə əsaslı təhsil dövrəsi
1984-cü ildə David Kolb Təcrübə əsaslı təhsil: təcrübə təhsil və inkişafın mənbəyi kimi kitabını çap etdi. Onun nəzəriyyəsi təklif edir ki, təhsil prosesinin 4 mərhələsi mövcuddur.
Kompasdakı bütün məşğələlər bu modelə uyğun olaraq hazırlanmışdır. Burada bir az təcrübə (rol oyunları kimi planlaşdırılmış hadisə/stimul/məşğələ), onun ardınca təhlil (2-ci mərhələ) və qiymətləndirmə (3-cü mərhələ) yer alır. Hər bir məşğələnin izahında təhlil üçün sual təklifləri və nəyin baş verdiyi barədə düşünmək, təcrübə barədə nə düşündükləri və onsuz da bildikləri və daha geniş dünyaya aid olan məlumatlarla bu təcrübənin necə müqayisə olunduğu barədə insanlara yardım edəcək müzakirələrlə bağlı təkliflər mövcuddur. Nəhayət, bunun ardınca insanların öyrəndiklərini təcrübədən keçirdikləri tətbiq etmə mərhələsi gəlir. Kompasda gənclərin öz cəmiyyətlərinə necə müsbət təsir etməsi də daxil olmaqla, sonrakı fəaliyyət barədə təkliflər də hazırlanmışdır. Bu 4 mərhələnin ümumi təhsil prosesinin vacib hissələri olduğunu bilmək çox vacibdir; insanlar düşünmədən onları anlaya bilməyəcək və əgər təcrübədən keçirilmirsə, öyrənmənin mənası nədir? Digər mərhələlər olmadan sadəcə Kompas məşğələlərin icra olunması (1-ci mərhələ) insan hüquqları üzrə təhsilin pozulmasıdır!
Bəzi insanlar üçün bu sosial dəyişiklik cəhdləri təhlükə barədə siqnal ola bilər və onlar aktivizmin təşviqinin çox irəliyə getdiyini düşünə bilər. Onlar belə düşünməməlidir. İnsan hüquqları üzrə tədrisçi olmaqla biz gəncləri insan hüquqları barədə maraqlanmağa sövq etmək və lazım bildikləri məqam və yerdə hərəkətə keçmələri üçün vasitələr vermək məqsədi daşıyırıq.
Bu məqamda, yəqin ki, Kompasda “məşğələ” terminini necə istifadə etdiyimizi açıqlamağa ehtiyac var. Biz onu həm təhsil dövrəsinin 1-ci mərhələsində yer alan stimul, metod və ya hadisə mənasında, həm də təhsil dövrəsinin bütün 4 mərhələsini əhatə edən “bütöv məşğələ” mənasında istifadə edirik. Praktikada isə terminin işləndiyi kontekst açıq-aydın şəkildə göstərməlidir ki, biz yalnız me-tod barədə və ya təhlil, qiymətləndirmə, fəaliyyətə keçmək və nəzarət mərhələsini əhatə edən metod barəsində danışırıq.
Təcrübə əsaslı təhsil dövrəsi
Diqqətin iştirakçı üzərində cəmlənməsi
İnsan hüquqları üzrə təhsil çox aydın məqsəd daşıyır: insan hüquqları barədə, üçün və vasitəsilə öyrənməyə şərait yaratmaq. İnsan hüquqları üzrə bilik və bacarıqların insan hüquqları üzrə təhsilin tam hissəsi olmasına baxmayaraq, tələbə və ya iştirakçı onun əsas mərkəz nöqtəsidir. Əhəmiyyətli olan nə fasilitator və ya müəllimin nəyi çatdırdığı və ya ötürdüyü, nə də məzmun deyil (“Bu gün biz ölüm hökmü barədə öyrənəcəyik”). Tələbə/iştirakçının nə öyrəndiyi və tədris ediləndən və ya təcrübədən keçiriləndən nə nəticə çıxardığı önəmli olduğundan onlar diqqət mərkəzindədirlər, çünki bu üsul iştirakçı üçün daha uyğundur (və ya ümumiyyətlə uyğun deyil, bunu da nəzərə almaq lazımdır) və ona praktiki məna verilməsi ehtimalı böyükdür. Diqqəti tələbəyə cəmləməyin bir çox digər səbəbləri və nəticələri var. Fasilitator tərəfindən işin məzmunu və səviyyəsi iştirakçının həqiqətlərinə uyğunlaşdırılmalıdır, Kompasın hazırlıq prosesində biz bunu “insanların olduğu yerdən başlamaq” adlandırırıq.
İnsan hüquqları üzrə təhsil, proses və nəticə
Müştərək təhsil, iştirak və təcrübə vasitəsilə öyrənmək kimi Kompasda istifadə olunan əsas təhsil yanaşmaları aşağıdakı prosesi yaratmaq üçün məşğələlər, ardınca baş verən müzakirələr və daha sonrakı məşğələlərlə bir araya gətirilir:
- insanların artıq bildiklərindən, fikirləri və təcrübələrindən başlayır və bunun-la, onlara yeni ideya və təcrübələri birlikdə axtarmaq və kəşf etmək imkanı yaradır (insan hüquqları haqqında öyrənmək)
- gəncləri müzakirələrdə iştirak etmək və töhfə vermək və bir-birilərindən müm-kün qədər çox öyrənməyə təşviq edir (insan hüquqları vasitəsilə öyrənmək)
- insanların öyrəndiklərini sadə, lakin ədalətsizliyə, bərabərsizliyə və insan hüquqlarının pozulmasına qarşı olduqlarını göstərən effektiv fəaliyyətə doğru yönəltməyə kömək edir (insan hüquqları üçün öyrənmək)
Effektiv maarifçi olmaq üçün insan hüquqları təhsilini tədris edənlər gözlərini əsas məqsədə dikməlidirlər: gənclər passiv qalmağa qərar verdikdə belə, insan hüquqları onları maarifləndirməlidir. Praktikada insan hüquqları təhsilinin proses və ya nəticə olması ilə bağlı heç bir fərq yoxdur; məşğələlər vasitəsilə onlar, Mahatma Qandi tərəfindən deyilmiş “sülhə gedən yol yoxdur, sülh özü yoldur” düşüncəsinə uyğun olaraq, proses və məzmunun, metod və nəticələrin müstəqil olduğu bir bütün halına gəlirlər.
İnsan hüquqları mədəniyyətinin xüsusiyyətlərini sadalamağa çalışdığımızda olduğu kimi, biz – kitabın müəllifləri – həmçinin, insan hüquqları üzrə savadlı insanın malik olmalı olduğu bilik, bacarıq və yanaşmalarını sadalamağa çalışdıq. Bu bacarıqlar daha sonra biz məşğələlər üçün məqsədləri tərtib etdikdə əsas rol oynadı.
Ümumilikdə, biz insan hüquqları üzrə təhsilin bilik və anlaşma, bacarıq və yanaşma mənasında nəticəsini aşağıdakı kimi izah edirik:
- İnsanların insan hüquqlarının pozulması hallarından xəbərdar olması məqsədilə insan hüquqları məsələləri barədə məlumatlı olmaq və onları dərk etmək: insan hüquqlarının nə olduğu, ölkədə onların necə qoruna biləcəyi, onları müdafiə etməklə bağlı hansı qurumların məsuliyyət daşıdığı; hansı beynəlxalq vasitələri tətbiq etmək, iştirakçılar/gənclərin hansı hüquqları tələb edə biləcəkləri (insan hüquqları barədə öyrənmək) barədə məlumatlanmaq;
- Özünüzün və digərlərinin insan hüquqları uğrunda mübarizə aparmaq və onları müdafiə etmək üçün maarifləndirmə, müdafiə və mübarizə aparmaq kimi bacarıqların inkişaf etdirilməsi, müvafiq qurumlar və ya KİV-lə əlaqə yaratmağa qadir olmaq və s. (insan hüquqları üçün öyrənmək);
- İnsan hüquqlarına qarşı insanların öz iradəsi ilə digərlərinin hüquqlarını pozmayacağı və iştirakçıların insan hüquqları dəyərlərinə uyğun şəkildə yaşayacaqları hörmət yanaşması göstərmək; yalnızca insanlar ilə dövlət qurumları arasında münasibətlərə (“vertikal ölçü”) deyil, həmçinin insanlar arasında münasibətdə tətbiq olunan (“horizontal ölçü”). Bu yanaşmalar ailə mühitində, dostlar arasında, məktəbdə və ya özlərinin gənclər təşkilatı və gənclər klubunda özünü göstərə bilər. (insan hüquqları vasitəsilə və insan hüquqları daxilində öyrənmək).
Bacarıqlara əsaslanan obyektivlər
Ümumi məqsədlə bağlı fikirlər əhəmiyyətlidir, lakin insan hüquqları üzrə effek-tiv maarifçi olmaq üçün biz öz məqsədlərimiz barədə daha dəqiq olmalı və birgə işlədiyimiz gənclərdə hansı bacarıqları inkişaf etdirmək istədiyimizi açıq-aşkar bildirməliyik. Biz özümüzə sual verməliyik: Gənclərin insan hüquqları məsələlərini daha dərindən anlamaları üçün hansı növ bilik lazımdır? İnsan hüquqlarının qorunmasına yardım etmək üçün onlardan hansı bacarıq və münasibət tələb olunacaq? Bu suallara verilən cavablar bizə məqsədlərimizi daha aydın şəkildə ifadə etməyə kömək edəcək. Aşağıdakı yanaşmalar Kompasın hazırlanması prosesində və Avropada gənclərlə insan hüquqları təhsili təcrübəsi zamanı müəyyənləşdirilmişdir. Onlar bu vəsaitdəki məşğələlərin əsasını təşkil edir.
Bilik və anlayış
Təcrübədə İnsan Hüquqları üzrə Təhslin proses və ya nəticə olması ilə bağlı heç bir fərq olmalı deyil.
- Azadlıq ədalət, bərabərlik, insan ləyaqəti, ayrı-seçkiliyin olmaması, demokra-tiya, universallıq, hüquqlar, öhdəliklər, qarşılıqlı asılılıq və həmrəylik kimi əsas anlayışlar;
- İnsan hüquqlarının ailədə, məktəbdə, cəmiyyətdə və daha geniş dünyada davranış tərzi üzrə razılığa gəlmək üçün bir çərçivə formalaşdırması fikri;
- Bir şəxsin həyatı, cəmiyyətlərin həyatı və dünyadakı digər insanların həyatında insan hüquqları, onun keçmiş və gələcək formalarının rolu;
- Mülki / siyasi və sosial / iqtisadi hüquqlar arasında fərqlər və ortaq cəhətlər;
- Yerli, dövlət, beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları, fərdlərin insan hüquqlarına dəstək və onların qorunması üçün fəaliyyəti;
- Müxtəlif cəmiyyətlərdə, eyni cəmiyyət daxilində müxtəlif qruplarda və müxtəlif əsaslı mənbələrdə – dini, mənəvi və hüquqi mənbələr də daxil olmaqla – in-san hüquqlarının başa düşülməsi və təcrübədən keçirilməsi;
- İnsan hüquqlarının tanınmasına səbəb olan əsas sosial dəyişikliklər, tarixi hadisələr və səbəblər;
- İnsan hüquqalarının qorunmasını həyata keçirmək üçün mövcud olan BMT-nin İnsan Hüquqları üzrə Bəyannaməsi, BMT-nin Uşaq Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının qorunması Konvensiyası kimi əsas beynəlxalq sənədlərdə yer alan hüquqlar;
- İnsan hüquqları milli və ya dövlət konstitusiyasında və bütün dövlət səviyyələrində onların nəzarətinə cavabdeh qanunlar və qurumlar tərəfindən qorunur.
Bacarıqlar
- Aktiv dinləmə və ünsiyyət: müxtəlif fikirlərə qulaq asmaq, bir şəxsin özünün və digərlərinin hüquqlarını müdafiə etməsi;
- Tənqidi düşüncə: müvafiq məlumatın tapılması, sübutun tənqidi dəyərləndirilməsi, qərəzli fikirlərin fərqində olmaq, manipulyasiyanın növlərinin müəyyən olunması və əsaslandırılmış mühakiməyə əsasən qərar qəbul edilməsi;
- Birgə işləmək və mübahisəli məsələləri pozitiv şəkildə həll etmək;
- Sosial qruplar daxilində və sosial qrupların formalaşdırılmasında işirak etmək bacarığı;
- İnsan hüquqlarının pozulması hallarının müəyyən olunması bacarığı;
- Həm yerli, həm də qlobal səviyyədə insan hüquqlarının təşviqi və qorunması.
Münasibət və dəyərlər
- Bir kəsin öz hərəkətlərinə görə məsuliyyət hissi, şəxsi inkişaf və sosial dəyişiklik öhdəliyi;
- Maraq, açıqfikirlilik və müxtəlifliyə dəyər verilməsi;
- Digərləri ilə empatiya və həmrəylik, eləcə də insan hüquqları təhlükə altında olanlara dəstək verilməsi ilə bağlı öhdəlik;
- Sosial, mədəni, linqvistik və ya dini fərqlərdən asılı olmayaraq, insan ləyaqəti, özünün və digərlərinin dəyəri hissini bilmək;
- Ədalət hissi, universal insan hüquqları, bərabərlik və fərqliliyə hörmət idealları uğrunda çalışmaq arzusu.
İnsan hüquqları üzrə təhsil və digər təhsil sahələri
Bu gün dünyada mövcud olan, demək olar ki, hər bir problem insan hüquqları pozuntusunu özündə daşıyır.
İnsan hüquqları yerli və qlobal səviyyədə həyatımızın hər bir aspektinə təsir edir. Əgər biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə baxsaq görərik ki, bu gün dünyada mövcud olan hər bir problem – yoxsulluq, çirklənmə, iqlim dəyişikliyi, iqti-sadi bərabərsizlik, QİÇS, təhsilin əlçatan olmaması, irqçilik və müharibələr – insan hüquqlarının pozulması ilə əlaqəlidir.
Bu ədalətsizliklərin hansının digərindən daha az və ya daha çox önəmli olduğunu demək çətindir. Sizin harada olduğunuz və insan olaraq hansı statusa malik olmağınıza əsasən perspektiv dəyişir. Əslində, onlar bir-biri ilə qarşılıqlı əlaqədədir və onlardan birini həll etmək digərlərini də həll etməyi vacib edir. İnsan hüquqları bölünməz, bir-birindən asılı və bir-birinə bağlıdır və hansısa bir insan hüququnu seçərək yalnız onu qəbul edib və ona hörmət etmək mümkün deyil.
Bu problemlər yalnız insan hüquqları tədrisçilərinin marağında deyil; on-lar hörmət və bərabərliyin qanun olduğu ədalətli və dinc dünyanı təşviq etməklə məşğul olan hər kəsin marağındadır. İnsanların öz işlərini necə adlandırdıqlarına baxmayaraq (məsələn, inkişaf üzrə təhsil, sülh üzrə təhsil, davamlılıq üçün təhsil və ya vətəndaşlıq üzrə təhsil), biz hamımız bir-birindən asılı və bir-biri ilə bağlı məsələlərlə məşğuluq və Kompas bizim köməyimizə gəlir. İnsan hüquqları əslində bizim həmişə düşündüyümüzdən daha müxtəlif və daha fərqlidir. Tez-tez, xüsusilə də gənclərlə fəaliyyət üzrə məsələlərdə, biz bunu insan hüquqları üzrə təhsil adlandırmadan gənclərin məsuliyyət hissini oyatmağa çalışırıq.
Vətəndaşlıq üzrə təhsil / Demokratik vətəndaşlıq üçün təhsil
Demokratik vətəndaşlıq üzrə təhsil və insan hüquqları təhsili məqsəd və təcrübələrdən daha çox əsas diqqət mərkəzi və əhatə dairəsinə görə fərqlənir.
Demokratik Vətəndaşlıq və İnsan Hüquqları Təhsili üzrə Avropa Şurası Xartiyasına əsasən “Demokratik vətəndaşlıq üzrə təhsil və insan hüquqları təhsili bir-biri ilə sıx əlaqəlidir və qarşılıqlı olaraq dəstəklənir. Onlar məqsəd və təcrübədən daha çox əsas diqqət mərkəzi və əhatə dairəsinə görə fərqlənir. Demokratik vətəndaşlıq üzrə təhsil daha çox cəmiyyətin mülki, siyasi, sosial, iqtisadi, hüquqi və mədəni sahələri üzrə demokratik hüquqlar və məsuliyyətlər və fəal iştirak üzərində mərkəzləşib, insan hüquqları üzrə təhsil isə insanların həyatının bütün aspektlərində insan hüquqları və əsas azadlıqlarının daha geniş spektri ilə məşğuldur”.
Vətəndaşlıq üzrə təhsilin tədris planı siyasət və hökumət, hüquqi sistem, KİV, multikulturalizm və bərabər imkanlar mövzularını əhatə edir. Kompasda "Demokratiya" və "Vətəndaşlıq və İştirak", "KİV", "Ümumi İnsan Hüquqları, “Ayrı-seçkilik və Dözümsüzlük” və "Gender".
Kompasda yer alan bu mövzular, həmçinin, ölkənin hüquqi və sosial cəhətdən qəbul edilmiş vətəndaşı olmağa hazırlaşan miqrant və qaçqınlara vətəndaşlıq təhsili verən hökumət və qeyri-hökumət təşkilatları üçün faydalıdır.
Fərdi və sosial təhsil
Bir çox ölkələr fərdin cəmiyyətdəki rolunu nəzərə alan və gəncləri gələcəkdə üzləşəcəkləri şəxsi problemlərə qarşı hazırlayan təhsil formasına malikdir. Bu, vətəndaşlıq məsələləri ilə üst-üstə düşə bilər, həmçinin, idman, klub və assosiasi-yalar, musiqi, incəsənət və ya mədəniyyətin digər formaları da daxil olmaqla fərdin asudə həyatı ilə əlaqəli aspektləri də özündə birləşdirə bilər. Belə təhsil, həmçinin, şəxsi münasibətləri də əhatə edə bilər. İnsan hüquqları bu məsələlərə iki əsas yolla daxil olur: ilk növbədə, ona görə ki, şəxsi inkişaf və şəxsi münasibətlər insan hüquqları dəyərləri ilə idarə olunan mənəvi və sosial aspektlərə malikdir; digər tərəfdən isə, mədəni və sosial həyatda iştirak hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər beynəlxalq müqavilələrdə təsdiq olunmuşdur. Bununla belə, sizin birlikdə işlədiyiniz gənclər bu hüququ tələb etmək iqtidarında olsa belə, dünyanın başqa yerində bunu edə bilməyən gənclər mövcuddur.
Kompas özündə şəxsi və sosial təhsil müəllimlərinə uyğun “İştirak” və “Mədəniyyət və İdman” mövzularında bir sıra məşğələləri birləşdirir.
Dəyərlər üzrə təhsil / Mənəvi təhsil
İnsan hüquqları dəyərlərini tədris etməyə görə heç kim tənqid olunmamalıdır.
Bir sıra ölkələrdə dəyərlər üzrə təhsil tədris planının bir hissəsidir, lakin bu, insanların düşüncəsində 2 əsas məsələ ilə bağlı narahatlığa səbəb olur: bu təhsil hansı dəyərləri aşılamağı nəzərdə tutmalıdır və necə əmin olmaq mümkündür ki, bu dəyərlər insanlara zorla qəbul etdirilmir və ya çoxluğun dəyərləri olaraq qəbul olunur? İnsan hüquqları perspektivindən yanaşmaq bu problemlərin həlli üçün etibarlı, əsaslandırılmış və effektiv bir vasitədir, çünki insan hüquqları hər bir əsas din və mədəniyyətə xas olan dəyərlər üzərində qurulmuşdur və demək olar ki, hər bir ölkədə - mütləq təcrübədən keçirilməsə də - ən azından qəbul olunmuşdur. Məhz buna görə də, insan hüquqlarının əsasında duran dəyərlərin ifadə olunma forması bir cəmiyyətdən digərinə hədsiz dərəcədə fərqlənsə də, onlar təbiət etibarı ilə dünyəvi hesab olunur. İnsan hüquqları həmçinin bütün dünyadaki hökumətlər arasındakı danışıqlar və razılığın nəticəsidir. Buna görə də, heç kəs insan hüquqları dəyərlərini tədris etdiyi üçün tənqid edilə bilməz!
Qlobal təhsil
Qlobal təhsili tədris edənlər bu fənnə vahid yanaşmanın tətbiqinin əhəmiyyətini anlayır, çünki onlar bizim dünyamızın sosial, iqtisadi, ətraf mühit və siyasi aspektlərinin bir-birindən asılılığını dəyərləndirir və dünya vətəndaşları olaraq, bizim qlobal cəmiyyət qarşısında öhdəliklərimizi təsdiq edir.
Maastrixt Qlobal Təhsil Bəyannaməsində (2002)9 deyilir ki, qlobal təhsil insanların gözləri və beyinlərini qloballaşmış dünyanın reallıqlarına açan və hər kəs üçün daha böyük ədalət, bərabərlik və insan hüquqlarına malik dünyanı əldə etməyi təşviq edən təhsil sistemidir. Qlobal təhsil inkişaf üzrə təhsili, insan hüquqları üzrə təhsili, davamlılıq üçün təhsili, sülh və münaqişələrin qarşısının alınması üzrə təhsili və mədəniyyətlərarası təhsili əhatə edir.
İnsan hüquqlarını bizim dünyamızın sosial, iqtisadi, ətraf mühit və siyasi aspektləri üzərində fəaliyyətin başlanğıc nöqtəsi kimi seçmək qlobal təhsil tədrisçilərinə öz tədrislərini zənginləşdirməyə imkan yaradır.
İnnovativ pedaqoqika vasitəsilə tələbə və müəllimləri qlobal məsələlər üzərində birlikdə işləməyə sövq etməklə qlobal təhsil üzrə məşğələlər bugünkü dünyanın mürəkkəb reallıqları və proseslərini anlamağa şərait yaradır: onlar “dünya insanlarının qlobal məsuliyyəti” hissini aşılamaqla, dünyanın getdikcə öz içində daha da əlaqəli olan çətinlikləri ilə üzləşmək, onları başa düşmək və həll etmək üçün insanlara lazım olan bilik, bacarıq, münasibət və dəyərləri inkişaf etdirməyi nəzərdə tutur.
Kompasda “Qloballaşma” mövzusu altında bir çox məşğələ vardır, çünki bu günlərdə bir çox insan hüquqları məsələləri çox önəmli qlobal ölçüyə malik-dir. Məsələn, “İçəri girə bilərəm?” adlı məşğələdə iştirakçılar sığınacaq axtaran olmağı simulyasiya edəcəklər.
Mədəniyyətlərarası təhsil
Mədəniyyətlərarası təhsil mədəniyyətlər və insanlar arasında oxşarlıqlar və fərqlilikləri araşdırmaq yolu ilə mədəniyyətlər arasındakı anlamanı inkişaf etdirməyi nəzərdə tutur. Mədəniyyətlərarası anlamanın olmaması adətən yerli və qlobal səviyyədə irqi ayrı-seçkilik, dözümsüzlük, ləkələmək və zorakılığa səbəb olur. İnsanların digər mədəniyyətdən olan insanlarla yaşaya və onlara hörmət edə bilməməsindən qaynaqlanan problemlərin acınacaqlı görüntüsü olaraq, bütün cəmiyyətlərdə yaşanan irqçilik, ayrı-seçkilik və şiddət üzə çıxır.
Münaqişələri yaradan səbəblər heç vaxt sadə olmur, lakin resurslardan qeyri-bərabər istifadə, qeyri-bərabər siyasi və sosial hüquqlar dözümsüzlük və ayrı-seçkiliyin yaranmasının əsas səbəbləri arasındadır. Buna görə də, hüquq perspek-tivini seçmək mədəniyyətlərarası təhsilin tədrisçiləri üçün məntiqi yanaşmadır və Kompas və Avropa Şurasının digər nəşrlərində onların işlərini dəstəkləyəcək çoxlu sayda hüquq perspektivi mövcuddur.
Avropa Şurasının gənclər sektoru, xüsusilə Avropa Gənclər Mərkəzləri və Av-ropa Gənclər Fondu, mədəniyyətlərarası təhsil sahəsinə çox böyük səy sərf etmişlər. İrqçilik, ksenofobiya, antisemitizm və dözümsüzlüyə qarşı Hər kəs Fərqli - Hər kəs Bərabər hərəkatı azlıqlardan ibarət qruplara qarşı irqçi düşmənçilik və dözümsü-zlüyün inkişafının qarşısının alınması məqsədilə 1995-ci ildə təsis olunmuşdur10. Hərəkat üçün hazırlanmış və Kompasın sələfi sayılan Hər kəs Fərqli - Hər kəs Bərabər Təhsil paketində “Ayrı-seçkilik və Dözümsüzlük” mövzusunda Kompasda mövcud olan məşğələləri tamamlayacaq çoxlu sayda effektiv məşğələlər mövcuddur.
İrqçiliyə qarşı təhsil
İrqçiliyə qarşı təhsil əsrlərdir mövcud olan irqi yanaşmalar və ideologiya irsini aradan qaldırmağı nəzərdə tutur və başlanğıc nöqtəsi bütün vətəndaşların bərabərlik və ədalət hüququna malik olduğu çoxmədəniyyətli və demokratik cəmiyyətdə yaşaması fikrini götürür. Bir sözlə, bu, hüquqlara əsaslanan yanaşmanı üstün tutur və mədəniyyətlərarası təhsillə bir çox ortaq cəhətləri mövcuddur.
İrqçiliyə qarşı təhsili tətbiq edənlər üçün yaxşı başlanğıc nöqtəsi kimi Kompasda “Ayrı-seçkilik və Dözümsüzlük” mövzusunda mövcud olan fəsil və məşğələləri misal göstərmək olar. Əgər siz eynisəviyyəli təhsil yanaşması ilə maraqlanırsınızsa, Avropa Şurasının digər nəşri olan “Domino”da daha geniş ideyalara rast gələcəksiniz.
Avropa Şurasında insan hüquqları və təhsil və irqçiliyə qarşı hərəkat İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının çətiri altında bir araya gətirilmişdir. İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının missiyası insan hüquqlarının qorunması perspektivindən irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya, antisemitizm və dözümsüzlüyə qarşı daha geniş Avropada mübarizə aparmaqdır. Onun fəaliyyətinə Avropa İnsan Hüquqları Konvensiyası, onun əlavə protokolları və müvafiq məhkəmə praktikalarında rast gələ bilərsiniz.
İnkişaf üzrə təhsil
Insan hüquqları inkişaf üzrə təhsildə vacib ölçüdür.
Ümumdünya İnsan Hüquqları üzrə Bəyannaməsi və İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Pakt insanların inkişaf hüququnu dərketməsi ilə bağlı bir çox maddəni özündə birləşdirir. Məsələn, sosial inkişaf və daha yaxşı həyat standartlarının təşviqi, ayrı-seçkiliyin məruz qalmamaq hüququ, ictimai işlərdə iştirak hüququ, layiqli həyat standartı hüququ və öz müqəddəratını təyin etmə hüququ. O, həmçinin, insanların Bəyannamədə göstərilən hüquq və azadlıqların tam şəkildə həyata keçirilə biləcəyi sosial və beynəlxalq nizamda yaşamaq hüququnu özündə birləşdirir.
İnkişaf hüququ BMT tərəfindən 1986-cı ildə “İnkişaf Hüququ üzrə Bəyannamə”də elan edilmişdir və BMT Baş Assembleyasının 41/128 saylı qətnaməsi ilə qəbul olunmuşdur. 1993-cü il Vyana Bəyannaməsi ilə təsdiq edilmiş inkişaf hüququ ümumilikdə insanların malik olduğu qrup hüququdur və fərdlərin malik olduğu hüquqlardan fərqlənir.
İnkişaf üzrə təhsil tədrisçiləri artıq insan hüquqlarını öz işlərinin vacib elementi hesab edirlər. Lakin onlar mütləq şəkildə hüquq perspektivi ilə işləmir. İnkişaf üzrə təhsilə ənənəvi yanaşma Şimaldakı “inkişaf etmiş” ölkələrdə yaşayan insanlarla Cənubdakı “inkişaf edən” ölkələrdəki insanlar arasında əlaqəni araşdırmaq və insanların həyatlarını formalaşdıran iqtisadi, sosial, siyasi və ətraf mühit qüvvələrini anlamaqdır. Biz isə təklif edirik ki, insan hüquqları perspektivindən başlamaq iş üçün əlavə stimul yaradacaqdır. Daha bir müsbət cəhət ondan ibarətdir ki, Kompasda təklif etdiyimiz məşğələlər insanlarda inkişaf üzrə təhsilin mühüm məqsədi olan dəyişikliyi gətirmək üçün fəaliyyətə keçmək məqsədilə birlikdə işləməyə şərait yaradan bacarıqlar, yanaşmalar və dəyərləri inkişaf etdirir.
Kompasın “Əmək”, “Yoxsulluq”, “Sağlamlıq”, “Qloballaşma” və “Ətraf mühit” mövzuları inkişaf üzrə təhsillə birbaşa əlaqəlidir.
Davamlı inkişaf üçün təhsil/Ətraf mühit üzrə təhsil
Əgər biz insan hüquqları perspektivini ətraf mühit məsələlərinə yönləndirsək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsi, yəni lazımi qida, geyim və ev daxil olmaqla, layiqli həyat standartı hüququ, başlanğıc nöqtəsi olmalıdır. İnsan həyatı sağlam və davamlı mühitdən asılı olduğu üçün bütün dünyadakı insanların və gələcək nəsillərin insan hüquqlarının nəzərə alınması ətraf mühit məsələlərini önə çıxarır. Bu gün bəzi insanlar hətta ətraf mühitlə bağlı ayrıca insan hüququnun rəsmi tanınmasına ehtiyac olduğunu bildirir.
Ətraf mühit bizi həyatımız və həyat tərzimiz üçün lazım olan məhsul və xidmətlərlə təmin edir. Lakin uzun müddətdir, aydındır ki, biz məhdud dünyada yaşayırıq və bəşəriyyətin gördüyü işlər ətraf mühitin vəziyyəti və insanlığın rifahı üçün ağır fəsadlar törədir. Bu perspektivdən yanaşsaq, gələcək iqtisadi inkişafla bağlı məsələlər onların bəşəriyyətə və ümumilikdə təbii həyata törətdiyi fəsadlara qarşı balanslaşdırılmalıdır. Ətraf mühit üzrə təhsil bu məsələləri ictimaiyyətin diqqətinə çatdırmağı nəzərdə tutur və dünyanın təbii resurslarına daha böyük qayğı və hörmətlə yanaşmağı təşviq edir.
Adətən ətraf mühit üzrə təhsillə bağlı olaraq, davamlı inkişaf üçün təhsil də, həmçinin, ətraf mühit və inkişaf məsələlərinə vahid yanaşmanı tələb edir. “Davamlı inkişaf” termini 1992-ci il Rio Dünya Sammitindən sonra ümumi istifadə olunmağa başlandı; davamlı inkişaf gələcək nəsilləri təhlükəyə atmadan bu günün ehtiyaclarını qarşılamağa köklənmişdir. Başqa sözlə, davamlılıq dünyanın qeydinə qalmaq və onu gələcək nəsillərin yaşaması üçün uyğun halda saxlamaq ilə bağlıdır. Buna görə də, ədalət və bərabərliyin insan hüquqları dəyərləri davamlılıq ideyasının əsasında durur.
YUNESKO-ya əsasən, davamlı inkişaf üçün təhsil hal-hazırda və gələcəkdə özlərinin və digərlərinin mənfəəti üçün düşünülmüş qərar qəbul etmək məqsədilə yanaşmalar, bilik və bacarıqları inkişaf etdirməyi və bu qərarlara uyğun fəaliyyət göstərməyi nəzərdə tutur.
YUNESKO-nun başlıca agentliyi olduğu BMT Davamlı İnkişaf Təhsili üzrə Onil-lik (2005-2014) 21-ci əsrdə üzləşdiyimiz sosial, iqtisadi, mədəni və ətraf mühit problemlərini həll etmək məqsədilə davamlı inkişafın prinsip, dəyər və təcrübələrini təhsilin və tədrisin bütün aspektlərinə yönəltməyi nəzərdə tutur.
Davamlı inkişaf üçün təhsil, inkişaf üzrə təhsil, qlobal təhsil və insan hüquqları üzrə təhsil arasında, xüsusilə özümüz və planetimizin mənfəəti üçün düşünülmüş qərarlar almaq və bu qərarlara uyğun hərəkət etmək üçün bilik, bacarıq və yanaşmaların inkişaf etdirilməsi ilə bağlı çox sıx əlaqə mövcuddur. Yuxarıda qeyd olunan qlobal və inkişaf üzrə təhsil ilə əlaqəli mövzulardan əlavə, Kompasda davamlılıq məsələlərinin insan hüquqları perspektivindən araşdırıldığı ətraf mühitlə əlaqəli ayrıca mövzu var.
Sülh üzrə təhsil
Bir çox məktəb və universitetlərdə təcrübədən keçirildiyi kimi, sülh üzrə təhsilin əsas konsepti zorakılıq və ona nəzarət, sayının azaldılması və qarşısının alınmasıdır. Sülh üzrə təhsil münaqişənin həlli üzrə araşdırmalar, çoxmədəniyyətli təhsil, inkişaf üzrə təhsil, dünya nizamı üzrə araşdırmalar və ətraf mühit üzrə təhsilin tədris planında yer alır. Bir çox halda, yanaşma sosial ədalətsizlik, münaqişə və müharibənin səbəbi olaraq düşünülən problemlərin həll olunmasıdır.
Digər tərəfdən isə, insan hüquqları perspektivindən başlayan və əsas konsepti in-san ləyaqəti və universallığı olan sülh üzrə təhsil yalnız zorakılığın dayandırılmasına deyil, həmçinin, münasibətlərin bərpası və uzunmüddətli sülh şəraiti yaradacaq so-sial, iqtisadi və siyasi sistemlərin yaradılmasına gətirib çıxara bilər.
İnsan hüquqları perspektivindən başlayan sülh üzrə təhsil daha dərin sülh anlayışına gətirib çıxara bilər.
Sülh üzrə təhsil zorakılığın bir neçə müxtəlif formasını əhatə edir. Məsələn, müharibə də daxil olmaqla, fiziki və ya davranışla əlaqəli zorakılıq; struktur zorakılıq, yəni ədalətsiz sosial və ya iqtisadi strukturların səbəb olduğu yoxsulluq və ya məhrumluq; təfriqəçiləri, eyni zamanda kasıb, gücsüz və təcrid olunmuş insanları əsarət altına alan, hədə-qorxu gələn və onları istismar edən zülmkar sistemlərin siyasi zorakılığı; mədəni zorakılıq, müəyyən insan şəxsiyyətlərinin və həyat tərzlərinin dəyərsizləşdirilməsi və məhv edilməsi; irqçilik, seksizm, etnosentrizm, müstəmləkəçi ideologiya və təcavüzkarlıq, hökmranlıq, ədalətsizlik və təzyiqləri mürəkkəbləşdirən digər mənəvi təcrid formaları zorakılığı. Zorakılığın bütün bu formalarının müəyyən insan hüquqları standartlarının pozulması kimi təhlil edilməsi konstruktiv yol təmin edir. Tənqidi düşüncə və təcrübəyönümlü tədrisin insan hüquqları təhsili metodologiyası yalnız konkret təcrübə elementi deyil, həmçinin, normativ və təsviri ölçü yaradır. The HRE methodology of critical thinking and experiential learning brings not only the element of concrete experience but also normative and descriptive dimensions. Kompasda “Sülh və Zorakılıq” və “Müharibə və Terrorizm” mövzuları təcrübəçilər üçün çoxlu sayda material təmin edir.
İnsan Hüquqları üzrə Təhsili gənclərlə işə tətbiq etmək barədə ən çox verilən suallar
Gənclər məsələləri üzrə məşğul olmağınız və ya məktəb müəllimi və ya gənclərlə işləyən QHT-nin üzvü olmağınızdan və yuxarıda qeyd olunan təhsil formalarının hər hansı biri ilə əlaqəli olub-olmamağınızdan asılı olmayaraq, insan hüquqları sizin işinizə də aiddir. Lakin bir çox səbəbdən siz İnsan Hüquqları üzrə Təhsillə məşğul olmaq barədə tərəddüd edə bilərsiniz. Burada biz insan hüquqları ilə bağlı ən çox ünvanlanan sualları təqdim edirik və insanların insan hüquqları üzrə təhsil və onu öz işlərində tətbiq etmək barədə narahatlıqlarına cavab verməyə çalışırıq.
Sual: Gənclərin hüquqlardan daha çox məsuliyyət barədə öyrənməyə ehtiyacları var?
Cavab: Həm hüquq, həm də məsuliyyət insan hüquqlarının əsasını təşkil edir və bu vəsait diqqəti həm hüquqlara, həm də məsuliyyətlərə cəlb edir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsində deyilir ki, “bütün insanlar azadlıq, ləyaqət və hüquq baxımından bərabər doğulmuşdur. Onlar….. bir-birilərinə qarşı qardaşlıq ruhu ilə yanaşmalıdır”.30-cu maddədə isə deyilir “…[heç bir] Ölkə, qrup və ya şəxs burada qeyd olunan hüquq və azadlıqların pozulması məqsədi daşıyan heç bir hərəkət və ya davranış göstərmək hüququna [malik deyil]”. Kompas məşğələləri heç bir hüquqdan digər insanın hüququnu istismar etmək üçün istifadə oluna bilməyəcəyini və hər bir kəsin digərlərinin hüquqlarına hörmətlə yanaşmaqla bağlı məsuliyyət daşıdığını göstərmək üçün hazırlanmışdır.
Sual: Valideynlər, məktəb direktorları və ictimai liderlər insan hüquqları tədrisini üsyankar davranışa səbəb olacaq, siyasi cəhətdən ideoloji təsir olaraq qiymətləndirib ona qarşı çıxmazlar?
Cavab: İnsan hüquqları üzrə təhsil uşaqları, gəncləri və böyükləri cəmiyyət və onun inkişafında bütünlüklə iştiraka sövq edir. İştirak bacarıqlarının inkişaf etdirilməsi və partiya siyasəti arasındakı fərqi anlamaq önəmlidir. İnsan hüquqları üzrə təhsil müzakirələr və iştirak vasitəsilə gəncləri tənqid və tədqiq edən beyinlərin inkişaf etdirilməsi, düşünülmüş qərarların qəbulu və ona uyğun davranmağa təşviq edir. Bu xüsusda, insan hüquqları üzrə təhsil də mülki və siyasi təhsillə əlaqəlidir və o, gənclərə insan hüquqları, sosial məsələlər, təhsil və siyasət arasında əlaqə yaratmağa kömək edir. Bunun nəticəsində, gənclər onların siyasi iştirak, fikir, ünsiyyət və ifadə azadlığının nəticəsi olaraq, yerli və ya milli siyasi partiyalara qoşula və ya onlardan uzaqlaşa bilər. Həmçinin, nəzərə almaq vacibdir ki, insan hüquqlarının öyrənilməsi ilə birbaşa əlaqəsi olan bacarıqlarla yanaşı, Kompasda qeyd olunduğu kimi, insan hüquqları üzrə təhsil əməkdaşlıq, qrup işi, aktiv dinləmə və danışma kimi sosial və ünsiyyət bacarıqlarının inkişafını da dəstəkləyir.
Sual: İnsanların insan hüquqları barədə maarifləndirilmə imkanının təmin edilməsi hökumətin öhdəliyi deyil?
Cavab: Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər bütün təhsil formalarında insan hüquqları üzrə təhsili irəli çəkmək öhdəliyi daşıyırlar. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 26-cı maddəsində deyilir ki, “(1) Hər kəsin təhsil hüququ var […] və (2) Təhsil insan şəxsiyyətinin tam inkişafı və insan hüquqları və əsas azadlıqlarının möhkəmləndirilməsinə yönəldilməlidir”. Təhsil hüququ və insan hüquqları üzrə təhsil hüququ, həmçinin, Uşaq Hüquqları Konvensiyasının 28-ci maddəsində qeyd olunmuşdur. Buna baxmayaraq, bir çox hökumətlər in-san hüquqları üzrə təhsilin təşviqi və tədris planına insan hüquqlarının əlavə edilməsi üçün çox az iş görmüşlər. Fərdi müəllimlər və qeyri-hökumət təşkilatları məktəblərdə və digər təhsil proqramlarında öz müştərək səyləri vasitəsilə, həmçinin, öz hökumətlərinə bu məsələ ilə əlaqədar öhdəliklərini yerinə yetirmələri ilə bağlı təzyiq göstərmək və lobbiçilik etməklə insan hüquqları üzrə təhsilin inkişafının təşviqi üçün əhəmiyyətli dərəcədə böyük iş görə bilərlər.
Sual: Əgər mənim ölkəmdə heç bir insan hüquqlarının pozulması yoxdursa?
Cavab: Tam olaraq, dünyada bütün insan hüquqlarının həmişə qorunduğu bir ölkə yoxdur, lakin bu, doğrudur ki, bəzi ölkələrdə insan hüquqları daha tez-tez və daha açıq şəkildə pozulması halları digərlərindən daha çox baş verir. Lakin insan hüquqları üzrə təhsil yalnız hüquqların pozulması ilə əlaqəli deyil. Bu, ilk növbədə, insan hüquqlarının hər bir insana məxsus olan məfhum olduğunu və onların qorunmasının vacibliyini anlamaqla əlaqədardır. Bununla yanaşı, heç bir ölkə iddia edə bilməz ki, orada hüquq pozuntusu halları baş vermir. Məsələn, Avropa Şurasına üzv hər bir ölkə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən cinayət işinə cəlb olunmuşdur. Reallığı həll etməyin asan yolu sosial mühit və ya cəmiyyətə nəzər salmaqdır. Kim təcrid olunur? Kim yoxsulluq şəraitində yaşayır? Hansı uşaqlar öz hüquqlarından istifadə edə bilmir? Başqa bir yol isə, ölkənizdə fəaliyyət göstərən şirkətlər və hökumətlərin digər ölkələrdə insan hüquqlarını necə pozduğunu müşahidə etməkdir. Məsələn, silah satışı vasitəsilə qeyri-demokratik rejimlərə gətirib çıxarmaq, həqiqi istehsalçıları istismar edən ticarət müqavilələri, qoruyucu tənzimləmələr və mülkiyyət hüquqlarına dair iddialar, daha ucuz, ümu-mi narkotik maddələrin istehsalını dayandırmaq üçün dərman vasitələri üzrə patentlər.
Notes
7 Avrostatın 2009-cu ilin dekabrı üçün olan göstəriciləri– Avrostat xəbərləri 16/2010, 29 yanvar, 2010
8 Məsələn, Backman, E. & Trafford, B. (2006) Təhsil müəssisəslərinin demokratik idarəolunması. Strazburq
9 Qlobal Təhsil Qaydaları – Qlobal Təhsil üzrə Müəllimlər və Siyasətçilər üçün Konsept və Metodologiyalar, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, 2008.
10 Müxtəliflik, İnsan Hüquqları və İştirak üzrə ikinci Hər kəs Fərqli - Hər kəs Bərabər Gənclər Hərəkatı 2007 - 2008-ci illərdə keçirilmişdir.
- 1-ci Fəsil – İnsan Hüquqları üzrə təhsil və Kompas: ümumi məlumat
- 2-ci Fəsil –İnsan Hüquqları Təhsili üzrə praktiki məşğələlər və metodlar
- 3-cü Fəsil – İnsan Hüquqları uğrunda hərəkətə keçmək
- 4-cü Fəsil – İnsan Hüquqlarını başa düşməkUnderstanding Human Rights
- 5-ci Fəsil – Qlobal İnsan Hüquqları Mövzuları üzrə Ümumi Məlumat
- Əlavələr
- İzahlı lüğət
Valideynlər onlara [uşaqlara] yalnız yaxşı məsləhət verə və ya düzgün yol göstərə bilərlər, lakin insanın şəxsiyyətinin formalaşması onun öz əllərindədir.
Anna Frank